Milad bayramı ərəfəsində Vatikanda Müqəddəs Yubiley İli qeyd olunur. SİA xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Müqəddəs Pyotr Kilsəsinin qapısını açması ilə Yubiley İli rəsmi olaraq qeyd edilməyə başlayıb. Mərasimdə İtaliyanın Baş naziri Ciorcia Meloni və dünyanın hər yerindən gələn minlərlə zəvvar iştirak edib. Mənəvi əhəmiyyət kəsb edən bu hadisə bayram və ziyarətlərlə dolu müqəddəs ilin başlanğıcı hesab olunur.
Yubileylər dünyaya qapılarını açan dərin iman tarixinin bir hissəsidir. Ənənəyə görə, bununla milyonlarla zəvvar günahlarının bağışlandığını hesab edir, bu, yeni həyata girişi və ibadət səyahətinin başlanğıcını simvollaşdırır. Əsrlər boyu ənənəsi olan Yubiley İli Katolik Kilsəsinin ən təntənəli tədbirlərindən biridir.
Mərasimlə əlaqədar İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəsizlik qüvvələri Vatikan, eləcə də mərasimin keçirildiyi Müqəddəs Pyotr Kilsəsi və meydanında mümkün təhlükələri nəzərə alaraq sayıqlıq səviyyəsini artırıb. Mərasimə gələnlər xüsusi detektorlar vasitəsilə yoxlanılır, ərazidə bomba əleyhinə robot, xüsusi təyinatlılar və snayperlər var.
Papa Fransisk qarşıdakı günlərdə hər birinin özünəməxsus tarixi və əhəmiyyəti olan daha bir neçə kilsənin qapısının açılması mərasimində iştirak edəcək. Pontifik dekabrın 29-da Romanın ən mühüm kilsəsi və 1700 illik tarixi olan Müqəddəs İoann Lateran Bazilikasının qapısını açacaq. Müqəddəs İoann Lateran Kilsəsi papa bazilikalarının ən qədimi və 22 papanın dəfn olunduğu yerdir. Roma Papası gələn il yanvarın 1-də isə dörd papa bazilikasından biri olan Santa Maria Maggiore kilsəsinin qapısını açacaq. Bazilikada yeddi papa dəfn olunub. Bu müqəddəs qapının açılması ilə 2025-ci ildə dünyanın bütün yeparxiyalarında ümumbəşəri birlik anı qeyd ediləcək.
Müqəddəs Yubiley İli Vatikanda hər 25 ildən bir təşkil olunur. Yubiley İli tarixdə ilk dəfə 1300-cü ildə elan edilib, sonuncusu isə 2000-ci ildə Papa II İohann Pavelin dövründə olub. Builki yubiley 2025-ci ili əhatə edəcək. Tədbirlərə 32 milyondan çox insanın qatılacağı gözlənilir. Yubiley İli müxtəlif tədbirlər və şənliklər təqvimi ilə əlamətdar olacaq.
Builki Yubiley İlinin rəsmi maskotu da var. “Luce” (italyan dilində işıq deməkdir) adlı maskot oktyabrın 28-də ictimaiyyətə təqdim olunub və yubiley ilində katolik zəvvarları təmsil edəcək. “Luce” son dövrlərdə sosial media platformalarında populyarlıq qazanıb. O, Yaponiyanın Osaka şəhərində keçiriləcək “Expo 2025” beynəlxalq sərgisində Müqəddəs Taxt-Tacın pavilyonunun rəsmi simvolu olacaq.
Müqəddəs Yubiley İli bir müddətdir təlatümlü olan paytaxt Romanın daşınmaz əmlak bazarına da öz təsirini göstərib. Belə ki, il ərzində Romanın mərkəzi ərazilərində mənzillərin dəyəri 10 faizdən çox artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə