Türkiyə Suriyaya elektrik dəstəyi vermək üçün hərəkətə keçir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar nazirlikdən bir nümayəndə heyətinin elektrik və enerji infrastrukturunu yoxlamaq üçün yaxın vaxtlarda Suriyaya gedəcəyini açıqladı. O, paytaxt Ankaradakı Prezident İqamətgahında Nazirlər Kabinetinin iclasından sonra mətbuat nümayəndələrinin suallarını cavablandıraraq deyib: “Nazirliyimizdən bir heyət enerji və elektrik infrastrukturunu araşdırmaq, əməkdaşlıq və yardım məsələlərini müzakirə etmək üçün Suriyaya gedəcək. Ölkədə enerji ilə bağlı əsas problem elektrikdir. Bunu təmin etmək üçün bir formul hazırlayacağıq".
Livanın Baş naziri Necib Mikatinin keçən həftə elektrik enerjisi ilə bağlı problem yaşadıqlarını söylədiyini xatırladan Bayraktar "Qarşıda Livan üçün də elektrik axını ilə bağlı işlər aparıla bilər" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə