Cənubi Koreya müxalifəti Baş nazirin də impiçmentini istəyir

Cənubi Koreyanın əsas müxalif qüvvəsi olan Demokratiya Partiyası parlamentdə dövlət başçısının 2-ci cəhddə impiçmentinə nail olduqdan sonra indi də Baş nazir Han Duk Sunun vəzifədən uzaqlaşdırılmasını istəyir. SİA xəbər verir ki, Demokratiya Partiyası Baş nazir Han Duk Sunun Prezident Yun Sok Yola və birinci xanıma qarşı irəli sürülmüş iki xüsusi istintaq qanun layihəsini təsdiqləməkdən imtina etməsindən sonra onun impiçmentinə başlamaq barədə qərar qəbul edib. Bu qanun layihələri Prezident Yun Sok Yolun ölkədə hərbi vəziyyət elan etməsini və birinci xanımın korrupsiya əməllərini araşdırmaq üçün xüsusi istintaqın başlamasını nəzərdə tutur.

“Biz prezident səlahiyyətlərini icra edən Baş nazirə qarşı dərhal impiçment prosesinə başlayacağıq”, - deyən Demokrat Partiyasının parlament qrupunun rəhbəri Park Çan De Baş naziri sözügedən qanun layihələrinə qarşı durmaqda ittiham edib.

Demokrat Partiyası bir müddət əvvəl də açıqlama yayaraq, qanun layihələrini imzalamayacağı təqdirdə Baş nazirin impiçmentinə başlaya biləcəyini bəyan etmişdi.

Qeyd edək ki, Cənubi Koreya parlamentində üstünlüyü olan müxalifət Demokratiya Partiyasının təşəbbüsü və liderliyi ilə dekabrın 14-də Prezident Yun Sok Yolun impiçmentinə nail olub. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 180 gün ərzində parlamentin qərarına baxaraq ya təsdiqləməli, ya da rədd etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə