Dekabrın 23-də Beynəlxalq Muğam Mərkəzində dahi şair Nizami Gəncəviyə həsr olunmuş "Nizami: daxili aləm" sənədli filminin təqdimatı olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ekran əsəri Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) sifarişi ilə türk kinematoqrafçıları tərəfindən istehsal olunub.
Tədbirdə Milli Məclisinin deputatları, tanınmış mədəniyyət xadimləri, Türkiyədən olan nümayəndələr və sənətsevərlər iştirak ediblər.
Filmin nümayişindən əvvəl ekran əsərinin rejissor və prodüseri Atakan Kerküklü jurnalistlərə deyib ki, çəkilişlərə 2 ildən çox vaxt sərf olunub. Çəkilişlər 10-dan çox ölkədə aparılıb.
Nizami Gəncəvi yaradıcılığı ilə yaxından tanış olduqdan sonra belə bir layihəni reallaşdırmağa qərar verdiklərini söyləyən Kerküklü deyib ki, ekran əsərinin əsas qayəsi şairin düşüncələrini, sevgi, həyat, mərhəmət, bəşəri dəyərlər haqqında fikirlərini dünyaya çatdırmaqdır.
Təqdimat mərasimində bildirib ki, sənədli filmin nümayişi Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlıq çərçivəsində həyata keçirilən strateji bir layihənin parlaq nümunəsi olaraq xüsusi əhəmiyyət kəsb edir.
Bu əməkdaşlıq, Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncam əsasında başlayıb və Nizami Gəncəvi irsinin beynəlxalq səviyyədə geniş təbliği məqsədini daşıyır. Filmin istehsalında beynəlxalq təcrübəyə malik peşəkar yaradıcı heyət və ekspertlərlə birgə intensiv iş aparılıb.
“Nizami: daxili aləm” sənədli filmi Nizaminin fəlsəfi baxışlarını, düşüncə dərinliyini və nadir intellektual zəngin irsini müasir təqdimat üslubu ilə tamaşaçılara çatdırmağı hədəfləyir. Film, dahi şairin ideyalarını təkcə Azərbaycan və Türkiyədə deyil, dünya səviyyəsində də tanıtmaq baxımından əhəmiyyətli addımdır.
Vurğulanıb ki, təqdimat mərasimi, Azərbaycan və Türkiyənin mədəniyyət sahəsində möhkəmlənən əməkdaşlığının əyani təzahürü olmaqla yanaşı, Nizami Gəncəvi irsinin beynəlxalq müstəvidə tanıdılması üçün mühüm platforma təşkil edir.
Sonra film nümayiş olunub.
Filmdə dünyanın müxtəlif qitələrində yaşayan şərqşünas alimlər və Şərq musiqisini sevən ifaçılar Nizami dühasına bir daha heyranlıqlarını vurğulayıblar. Tədbirdə iştirak edən qonaqlar bu unikal sənət əsəri vasitəsilə Nizaminin həyatı, ideyaları və yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə