Türkiyə şirkətləri Qazaxıstanda gəmiqayırma zavodu tikməyi planlaşdırır

Kurık-Ələt marşrutu üzrə yalnız Azərbaycan bərələri işləyir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib. Onun sözlərinə görə, ölkənin nəqliyyat sənayesində mühüm problemlərdən biri də yerli donanmanın olmamasıdır. “Hazırda Kurık-Ələt marşrutu üzrə yalnız Azərbaycan bərələri işləyir. İndi azı 7 gəmiyə ehtiyacımız var. Onların istehsalı üçün Türkiyənin “YDA” və “ASFAT” şirkətləri Kurık limanı yaxınlığında xüsusi zavod tikməyi planlaşdırır”, - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, yaxın üç il ərzində Aktau limanının konteyner daşıma gücünün 140 mindən 550 min konteynerə çatdırılması planlaşdırılır.

“Bunun üçün Çinin “Lyanyungan port” şirkəti ilə birgə konteyner qovşağının tikintisinə başlanılıb. Bundan əlavə, Almaniyanın “Renus”, Amerikanın “Wandernet” və Fransanın “CMA CGM” kimi şirkətləri ilə 300 min konteyner tutumu olan əlavə konteyner terminalının yaradılması üzərində iş aparılır. Həmçinin Kurık limanında “Sarja” çoxfunksiyalı terminalının tikintisi davam etdirilir”, - deyə o əlavə edib.

Bundan əlavə, Mangistau vilayətində regionda istehsalı planlaşdırılan yaşıl hidrogenin daşınması üçün terminal layihəsi üzərində iş gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə