Misirlə Rusiya əl-Dabaadakı AES-in tikintisini müzakirə ediblər

Misirin xarici işlər və miqrasiya naziri Bədr Əbdülati ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. SİA Misirin Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, telefon danışığı zamanı Misirlə Rusiya arasında siyasi, iqtisadi və investisiya sahələrində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, xüsusilə də həyata keçirilən birgə layihələr müzakirə edilib. Eyni zamanda nazirlər Süveyş kanalı iqtisadi rayonundakı Rusiya Sənaye Şəhərciyində işlərin gedişi və əl-Dabaada Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin Yaxın Şərqdə xüsusilə Suriyada və Qəzzada mövcud vəziyyət müzakirə edilib, Suriyanın ərazi bütövlüyünə və suverenliyinə dəstək, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllinin tapılmasına dair ümidvarlıq ifadə olunub.

Qeyd edək ki, Misirin ilk AES-nin tikintisi üzrə saziş 2017-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinin Qahirəyə səfəri zamanı imzalanıb. Bu ilin yanvarında stansiyanın təməli qoyulub. Sazişə əsasən, hər biri 1200 meqavat gücündə 4 nüvə reaktorunun tikintisi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə