Türkiyə Xarici İşlər Nazirliyi 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı ermənilərin yalanlarının ifşası istiqamətində daha fəal kurs tutmalıdır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikir tanınmış iqtisadçı alim, Türkiyə ilə Avropa İttifaqı arasında əlaqələr mövzusunda çoxsaylı kitabların müəllifi, Anadolu Universitetinin (Eskişehir) professoru Rıdvan Karlukun “Sakarya” qəzetində dərc olunmuş məqaləsində yer alır.
Nəşrin müəllifi İrəvanın xaricdəki səfirlikləri də daxil olmaqla, Türkiyə əleyhinə sistemli şəkildə davam etdirdiyi təbliğata diqqət çəkib. O bildirib ki, Ermənistanın hər bir diplomatik nümayəndəliyinin səhifəsində yalançı soyqırımı ilə bağlı məlumatlar yer alır, hərçənd Türkiyənin səfirlikləri və baş konsulluqları isə 1915-ci il həqiqətləri ilə bağlı bəyanatlarla çıxış etmirlər.
Professor qeyd edib ki, erməni terrorçuları tərəfindən öldürülən Türkiyə diplomatlarının adlarının xaricdə ictimaiyyətə açıqlanmamasının səbəbləri ona məlum deyil.
“Məncə, belə bir addım çox faydalı və vacib olardı”, - deyə o, Türkiyənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Afinadakı missiyasında keçmiş həmkarının erməni terrorçuları tərəfindən öldürüldüyünü buna misal çəkib.
Analitik Türkiyənin 1915-ci il hadisələri ilə bağlı tezislərinin faktlara əsaslandığını və Ankaranın öz mövqeyində tamamilə haqlı olduğunu vurğulayıb.
Türkiyə universitetinin müəllimi erməni soyqırımı ilə bağlı iddiaları yalan adlandırıb: “1915-ci il mayın 27-də qəbul edilən ermənilərin köçürülməsi qərarı etnik təmizləmə məqsədi güdmürdü. Van vilayətində 30 min müsəlmanın - türk və kürdün ermənilər tərəfindən qətlə yetirilməsi son damla oldu. Yəni o dövrdə Anadoluda ermənilərin soyqırımı deyil, türklərin qırğınları olub”, - deyə o, Osmanlı dövrü sənədlərində, eləcə də Rusiya, Fransa, Böyük Britaniya, Almaniya və Avstriya arxivlərində bunun çoxsaylı sübutlarının olduğunu qeyd edib.
R.Karluk Almaniyada ayrı-ayrı şəxslərin Türkiyəyə qarşı saxta tarixi hücumlar səsləndirməsi faktını “gülməli” adlandırıb: “Ermənilərin Anadolunun şərqindən köçürülməsini həyata keçirən jandarm qüvvələrinin bəzi hissələri alman zabitlərinin komandanlığı altında idi. Ona görə də Berlində ermənilərin iddialarının absurdluğunu hamıdan yaxşı bilirlər. Müvafiq məlumatlar Almaniya və Avstriya Xarici İşlər nazirliklərinin göndərişlərində yer alıb”.
Professorun sözlərinə görə, bu gün Türkiyə universitetlərinin nəzdində yalnız az sayda erməni problemlərinin araşdırılması institutları fəaliyyət göstərir. “Türkiyə ali təhsil müəssisələrini ermənilər və Ermənistan mövzusunda daha çox material dərc etməyə təşviq etmək faydalı olardı”, - deyə o bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə