“Türkiyənin TRT-si var olduqca, zülmlərin hər anı sənədləşdiriləcək”

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) baş direktoru Mehmed Zahid Sobacı "Qəzzanın hər yerindən dünyanın hər tərəfinə yüksələn fəryadları elan etməliyik. Bu, qəzzalı bacı-qardaşlarımıza borcumuzdur" dedi.

SİA xəbər verir ki, İstanbul Konqres Mərkəzində keçirilən “TRT World Forum 2024”ün açılışındakı çıxışında M.Z.Sobacı deyib: "Bu il “TRT World Forumu”nun əsas mövzusu "Qırılma nöqtəsində olan dünya: böhran və transformasiyaları idarə etmək"dir. Çünki biz bütün bəşəriyyətin taleyini təyin edəcək böhranlarla sınaqdan keçirildiyimiz bir dövrdən keçirik. Daha dağıdıcı hadisələrlə qarşı-qarşıyayıq.

Vicdan böhranı. Bunun ən konkret nümunəsi Qəzzada törədilən soyqırımdır. İsrail uzun müddətdir törətdiyi soyqırımla 44 mindən artıq qəzzalının həyatına son qoyub, 100 mindən çoxunu yaralayıb. Bir ildən çox davam edən qətliam nəticəsində həyatını itirənlərin 17 mindən çoxu uşaq, 2 mindən çoxu isə körpələrdir.

Qərb ölkələrinin Qəzzada baş verən humanitar böhrana yanaşması bu insanların əsl iztirablarını görməməkdir.

Ən sadə humanitar tələbləri eşitməməkdə israrlı olan Qərb ölkələri Qəzza sınağında bütün dünyaya ixrac etməyə çalışdıqları sözdə dəyərlərin altına düşdülər.

İnsanlıq soyqırım sənayesinin bir parçasına çevirən media qurumları susur, hətta soyqırıma dəstək verərək canlarını və vicdanlarını satırlar. Hörmətli prezidentimiz isə çıxdığı hər platformada ədalətin sözçüsü kimi səsini ucaldır və zalımların qanlı üzlərini bütün dünyaya açır.

Türkiyənin TRT-si ölkə prezidenti R.T.Ərdoğanın liderliyində dünyada haqqı və həqiqəti ön planda tutan uzaqgörən bir yayım həyata keçirir. Soyqırımın başladığı gündən bu zamana qədər bütün imkanlarımızla Qəzzanın səsi olmuş, milyardlarla insanın başına gələnləri bütün əsas dillərdə izah etmişik. Bunu edərkən İsrailin soyqırım təqiblərinə də məruz qalırıq. Hücumlar və maneələr heç bir mənəvi və humanitar sərhəd tanımayıb. Lakin biz Qəzzanın hər yerindən yüksələn fəryadları, məzlum Fələstin xalqının görməməzliyə vurulan varlığını dünyanın mərkəzinə yerləşdirmək məcburiyyətindəyik. Bu, bizim babasının gözlərindən öpərək torpağa verdiyi Reem üçündür. Günlərlə kömək gözlədiyi maşında yüzlərlə güllə ilə hədəfə alınan Hind üçündür. Övladlarının cəsədlərini torbalarda daşımaq məcburiyyətində qalan fələstinli ana və atalar üçündür.

Biz məzlum qəzzalı bacı-qardaşlarımıza borcluyuq.

Türkiyənin TRT-si var olduqca, görünməz hala gətirməyə çalışdıqları soyqırımın hər anı sənədləşdiriləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə