Avropa İttifaqı (Aİ) 17 il davam edən prosesin sonunda Rumıniya və Bolqarıstanın Şengen zonasında tam üzvlüyünü dəstəkləyib. Yanvarın 1-dən etibarən bu iki ölkə ilə Şengen zonası arasında quruda sərhəd nəzarəti ləğv ediləcək. SİA xəbər verir ki, Rumıniya və Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına daxil olsa da, Şengen zonasına qoşulmaq üçün bir neçə şərt yerinə yetirilməli idi. Prosesin bir neçə il ərzində tamamlanması gözlənilsə də, çox uzun çəkib. 2024-cü ilin martında ölkələr "yarımçıq Şengen" əldə edərək yalnız su və hava nəqliyyatında sərhəd nəzarətini ləğv edə bilmişdi. Quru sərhədlərində pasport nəzarəti davam edirdi.
İndi isə, Avropa İttifaqı Daimi Nümayəndələri Komitəsinin qərarı ilə Rumıniya və Bolqarıstan tam üzv olaraq Şengen zonasına daxil olurlar. Avropa Komissiyasının daxili məsələlər üzrə komissarı İlva Yohansson Bolqarıstan və Rumıniya vətəndaşlarını bu mühüm hadisə münasibətilə təbrik edib və onların bu qərarı çox uzun müddət gözlədiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə