Mişel Barnye hökuməti dövlət və sosial xərcləri azaltmaqla, vergi gəlirlərini artırmaqla dövlət kəsirini azaltmağa səy göstərsə də, nəzərdə tutulan variantlar iqtisadiyyatın bir çox sahəsində gərginliyə səbəb olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, belə vəziyyətdə hava və dəmir yolu nəqliyyatı, dövlət qulluğu və tibbi biologiya kimi müxtəlif sahələr qarşıdakı həftələrdə tətil elan ediblər.
Fransa Dəmir Yolları Milli Şirkəti (SNCF) noyabrın 21-ə ilk nümayişə, dekabrın 11-dən isə müddətsiz tətilə çağırış edib. “Biz dedik ki, 21 noyabr aksiyası daha sərt və daha uzun bir tətildən əvvəl xəbərdarlıqdır. Biz sözdən hərəkətə keçirik”, - deyə “SUD-Rail”ın federal katibi Jülyən Trokaz mətbuata açıqlamasında bildirib.
Həmkarlar ittifaqları “Fret SNCF”in (Fransa Dəmir Yollarının yükdaşıma bölməsi – red.) ləğvinin, TER, “Transilien” və “Intercités” qatarlarının özəlləşdirilməsinin və “Resonances” planı ilə “SNCF Réseau”nun (dəmir yolları şəbəkəsi) parçalanmasının əleyhinə olduqlarını bildiriblər. Onlar sosial dempinq və qeyri-məhdud maliyyə gəliri strategiyasını pisləyirlər.
Kənd təsərrüfatı sahəsində sahibkarlar noyabrın 15-dən nümayişlərin bərpasına çağırış ediblər. Xatırladaq ki, 2024-cü ilin yanvarında on minlərlə kənd təsərrüfatı işçisi ölkənin cənubunda və Parisin mərkəzində bir neçə magistralı bağlamışdılar. Onlar gəlirlərinin artırılması üçün konkret tədbirlər görülməsini tələb edirdilər. Onların qəzəbi hələ də soyumayıb.
Milli Aviaşirkət Pilotları İttifaqı (SNPL) hava yolları sektorunun bütün işçilərini noyabrın 14-də bir günlük tətilə çağırıb. SNPL öz press-relizində hökumətin hava nəqliyyatından ildə əlavə bir milyard avro almaq istəyinə, eləcə də təyyarə biletlərinə həmrəylik vergisisinin tətbiqinə qarşı səfərbər olduqlarını qeyd edirlər.
Dörd tibbi bioloqlar ittifaqı oktyabrın sonunda birgə mətbuat açıqlamasında dekabrın 23-dən dekabrın 31-dək tibbi laboratoriyaları bağlayacaqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə