...Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk bölgəsindən sıxışdırıb çıxara bilməyincə Kreml sülh danışıqlarına girməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyanın müxalif “Verstka” nəşri Kremlə yaxın mənbələrə istinadən yazır.
Onların fikrincə, Putin “heç olmasa müharibəni dondurmaq haqqında” danışmağa hazırdır, amma indi yox.
...Biz danışıqları yalnız güclü mövqedən aparacağıq.
Bunu Kremlə yaxın həmsöhbət deyir və izah edir ki, Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən çıxarmaq lazımdır ki, Moskva “geri çəkilmiş” kimi görünməsin.
Kreml hesab edir ki, onların bunun üçün kifayət qədər vaxtı var, çünki ABŞ-ın vasitəçiliyi ilə danışıqlar yanvarın 20-dən tez başlamayacaq.
Axı Donald Trampın andiçmə mərasimi bu tarixə planlaşdırılıb.
...Əslində, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində olduğu müddətdə heç bir danışıqlar olmayacaq, – deyə, prezident administrasiyasına yaxın olan ikinci mənbə bildirib.
...Üçüncü mənbə əlavə edir ki, hazırda Moskva birbaşa danışıqlara getmir. Onun sözlərinə görə, rus qoşunları Kursk vilayətinin bütün ərazisinə nəzarəti ələ keçirdikdən sonra müharibənin dayandırılmasını təklif edən Putin olacaq.
Eyni mənbə iddia edir ki, hələ Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə daxil olmamışdan əvvəl müharibənin dayandırılması ilə bağlı danışıqlara keçmək üçün enerji sektoruna qarşılıqlı zərbələrin dayandırılmasına razılıq verilməsi nəzərdə tutulurdu. Amma guya bu planları pozan Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı olub.
...Bu arada Ukrayna nəşrinin yazdığına görə, seçkilərdəki qələbəsindən sonra Tramp Avropa liderləri ilə bir sıra telefon danışıqları aparıb. “Bloomberg” yazır ki, bu söhbətlərin birində o, guya barışıq üçün təkcə Kiyevdən deyil, Moskvadan da güzəşt tələb etmək niyyətində olduğunu açıq şəkildə bildirib.
...Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri hesab edirlər ki, Putin, əksinə, Trampın hər şeydə onu dinləyəcəyinə və danışıqlar zamanı əslində Moskvanın tərəfində oynayacağına əmindir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə