...Şənbə günü Pakistanın cənub-qərbində bir kamikadzenin dəmiryol vağzalında özünü partlatması nəticəsində əsgərlər və dəmiryol işçiləri də daxil olmaqla ən azı 24 nəfər həlak olub. Rəsmilərin bildirdiyinə görə, 50-yə yaxın adam yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hücum təxminən 100 sərnişin Bəlucistan əyalətinin paytaxtı Kvettadan sərhəddə yerləşən Ravalpindi şəhərinə getmək üçün qatar gözləyərkən baş verib.
Televiziya görüntülərində platformanın polad dam konstruksiyasının və çay dükanının dağıldığı əks olunub. Sərnişinlərin baqajları platformanın hər tərəfinə səpələnib. Polis ölənlər arasında ondan çox əsgər və altı dəmiryolçu olduğunu bildirib.
Rusiya lideri Vladimir Putin Pakistan prezidenti Asif Əli Zərdariyə başsağlığı teleqramı göndərib.
Separatçı Bəlucistan Azadlıq Ordusu qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürərək, kamikadzenin dəmiryol vağzalında yerləşdirilən əsgərləri hədəf aldığını bildirib.
Qadağan olunmuş qrup İslamabaddan müstəqillik əldə etmək üçün uzun müddətdir təxribat və terror fəaliyyətləri ilə məşğul olur. Polis ağır yaralanan sərnişinlərdən bəzilərinin xəstəxanada öldüyünü və ölənlərin sayını artırdığını bildirib. Baş nazir Şehbaz Şərif partlayışı pisləyərək, terror aktını törədənlərin "bunun üçün çox ağır bədəl ödəyəcəklərini" deyib və əlavə edib ki, təhlükəsizlik qüvvələri "terror təhlükəsini" aradan qaldırmaqda qərarlıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə