ABŞ-da prezident seçkiləri başlayıb. SİA-nın məlumatına görə, səsvermə məntəqələri müxtəlif ştatlarda fərqli saatlarda açılır. Ən erkən məntəqə yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 14:00) Vermont ştatında açılıb. Meyn, Nyu Cersi, Nyu York, Virciniya kimi ştatlarda məntəqələr saat 6:00-dan etibarən seçiciləri qəbul edəcək. Paytaxt Vaşinqtonda səsvermə saat 07:00-da etibarən keçiriləcək. Vaşinqton və Alaska ştatlarında məntəqələr saat 11:00-da, Havay adalarında 12:00-da açılacaq.
Ağ evin növbəti administrasiyası uğrunda mübarizə əsasən iki partiya arasında gedəcək. Bu gün seçicilər Respublikaçılar Partiyasından namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris arasında seçim edəcəklər.
ABŞ-da müxtəlif ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən erkən səsvermə başlayıb. Seçicilərin artıq 80 milyona yaxını öz səslərini veriblər. Onlar səsvermədə fiziki olaraq və ya səslərini poçt vasitəsilə göndərərək iştirak ediblər.
Donald Tramp və Kamala Harris son günə kimi prezident seçkiləri ilə bağlı keçirilən sorğularda bərabər dəstəyə malik olublar. Bu da seçkilərin nəticələrinin daha gec anons ediləcəyi ilə bağlı ehtimalları artırır.
ABŞ-da seçkilərin nəticələrini əsasən Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina, Pensilvaniya və Viskonsin ştatlarının müəyyən edəcəyi gözlənilir. Seçkilərin ilkin nəticələri səslərin sayılmasından asılıdır. Sonuncu dəfə 2020-ci ildə seçkilərin nəticəsi səsvermədən 3 gün sonra elan edilmişdi.
ABŞ-ın yeni seçiləcək prezidenti 2025-ci il yanvarın 20-də keçiriləcək inaqurasiya mərasimindən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Bu, ABŞ tarixində sayca 60-cı andiçmə mərasimi olacaq.
Bugünkü seçkilərdə ABŞ-da prezident və vitse-prezident seçilməklə yanaşı, 119-cu ABŞ Konqresinin üzvlərini müəyyən etmək üçün Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 34-ü uğrunda mübarizə aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə