Peruda futbol matçı zamanı meydançaya ildırım düşməsi nəticəsində bir futbolçu ölüb, 7 futbolçu yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Perunun Huancayo şəhərində "Juventud Bellavista" və "Familia Chocca" komandaları arasında keçirilən futbol matçı zamanı dəhşətli hadisə baş verib.
Koto Koto stadionunda oynanan matçın ilk yarısında yaşıl sahəyə ildırım düşüb. Meydançaya ildırım düşəndən sonra futbolçular qəfil yerə yıxılıblar. Yerə yıxılan futbolçulardan 39 yaşlı Xose Hüqo de la Kruz Meyanın həyatını itirdiyi bildirilib. Meydançaya düşən ildırımın təsirinə məruz qalan 40 yaşlı qapıçı Xuan Çokka Llaktanın xəstəxanaya aparıldığı və bədənində ciddi yanıqlar olduğu bildirilib.
İldırımın vurduğu digər 6 futbolçunun xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin stabil olduğu bildirilib. "Associated Press"in xəbərinə görə, ildırım vurması nəticəsində həyatını itirən De la Kruz Meyanın bədənindəki metal qolbaq səbəbi ilə ildırımı özünə çəkdiyi və bu səbəbdən həyatını itirdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə