Amerika Birləşmiş Ştatları prezidenti Cozef Baydenin 2 müşaviri “Hizbullah” ilə yaşanan qarşıdurmaların dayandırılması və bir razılaşmanın əldə edilməsi üçün bu həftə İsrailə səfər edəcək.
SİA xəbər verir ki, yerli xəbər saytı "Walla" Baydenin Baş müşaviri Emos Hokştayn (Amos Hochstein) və Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika koordinatoru Bret MekQarkın (Brett McGurk) cümə axşamı günü İsrailə gedəcəyini qeyd edib.
Bu iki rəsminin İsrail və “Hizbullah” arasında qarşıdurmaları dayandıracaq və sərhədin hər iki tərəfində evlərindən çıxarılan insanların geri qayıtmasını təmin edəcək bir razılaşmaya nail olmaq üçün danışıqlar aparacağı bildirilib. Adı açıqlanmayan rəsmi mənbələrdən İsrail və “Hizbullah” arasındakı qarşıdurmaları sona çatdıracaq bir razılaşmanın bir neçə həftə içində əldə edilə biləcəyi irəli sürülüb.
Gündəmdə olan razılaşma çərçivəsində iki tərəf arasında ilk olaraq 60 günlük keçid dövrünün başlanması nəzərdə tutulur. Bu dövrdə “Hizbullah”dan Livanın cənubundakı ağır silahlarını Litani çayının şimalına, yəni İsrail sərhədindən uzaq bir bölgəyə daşıması tələb olunur. Bundan əlavə, Livan ordusunun İsrail sərhədinə 8 min əsgər yerləşdirməsi və ölkənin cənubunu qurudan işğal edən İsrail əsgərlərinin də mərhələli şəkildə bölgədən çəkilməsi planlaşdırılır. Bu addımların 60 günlük keçid dövrü ərzində həyata keçirilməsi halında İsrail ilə “Hizbullah” arasında atəşkəsin elan ediləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə