İspaniyanın Valensiya bölgəsində güclü yağışın səbəb olduğu daşqınlarda ölənlərin sayı 51-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın cənub və şərqinə təsir edən şiddətli fırtınanın yaratdığı sel fəlakətinin sayı aydınlaşır.
Valensiya muxtar vilayəti administrasiyasından verilən açıqlamada, aralarında uşaqların da olduğu 51 nəfərin həyatını itirdiyi bildirilib. Evlərin, küçə və prospektlərin su altında qaldığı, avtomobillərin sürükləndiyi ərazilərdə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Valensiyanın Pikanya şəhərində gecə saatlarında daşqınlar nəticəsində körpü çöküb. Kənd təsərrüfatı torpaqlarına böyük ziyan dəyib. Malaqa yaxınlığında təxminən 300 sərnişini daşıyan yüksək sürətli qatar relsdən çıxıb, xəsarət alan olmayıb. Valensiya və Madrid arasında sürətli qatarlarda, eləcə də daşqından zərər çəkmiş ərazilərdə şəhərətrafı digər xətlərdə fasilələr yaranıb.
Səlahiyyətlilər, əlverişsiz hava şəraitinin davam edəcəyinin gözlənildiyini bildirib və əhaliyə evdə qalmağı və bütün vacib olmayan səyahətlərdən çəkinməyi xəbərdar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə