Çin doğumların sayının artması üçün təşviqedici qaydalar tətbiq edəcək
Çin hökuməti demoqrafik problemlər fonunda doğumun təşviq edilməsi üçün yeni dəstəkləyici siyasətini elan edib. SİA xəbər verir ki, Dövlət Şurası (Nazirlər Kabineti) uşaq doğumuna dəstək xidmətlərinin və uşaqlara qayğı sisteminin genişləndirilməsi, təhsilə dəstəyin gücləndirilməsi, yenidoğulanların valideynlərinin yaşayış və məşğulluğunun yaxşılaşdırılması da daxil olmaqla 13 istiqaməti hədəfləyən direktiv qəbul edib. Məqsəd uşaq dünyaya gətirilməsi və böyüdülməsi üçün daha əlverişli cəmiyyət qurmaqdır. Hökumət bununla yeni doğulanların sayının çoxalmasını və nəticədə cəmiyyətin yaş tərkibində balansın təmin olunmasına nail olmaq istəyir.
Dünyanın əhali sayına görə 2-ci ölkəsi olan Çin son illər doğumun azalması və yaşlı insanların sayının çoxalması kimi ciddi demoqrafik çağırışlarla üzləşib. Gənclərin təhsil, karyera, sosial və psixoloji səbəblərdən gec evlənməsi, evlənməkdən yayınması, ailələrin yalnız bir uşaqla kifayətlənməsi və ya ümumiyyətlə uşaq dünyaya gətirməkdən imtina etməsi demoqrafik problemləri ortaya çıxarıb. Uzun illər dünyanın ən çox əhalisi olan ölkə ünvanını daşıyan Çində son 2 ildə əhali sayında azalma müşahidə olunur. Paralel olaraq nikahların və yeni doğulanların sayı azalır, ölənlərin və yaşlıların sayı çoxalır. Ekspertlər hesab edirlər ki, hazırkı tendensiya davam edərsə, 2080-ci ildə Çin əhalisinin sayı 1 milyard, 2100-cü ildə isə 700 milyon nəfərə enəcək.
Çində demoqrafik böhranın digər məqamı əhalinin qocalması, yəni yaşlı insanların ümumi əhali sayındakı payının çoxalmasıdır. Statistikaya görə, Çində yaşı 60-dan çox olanların sayı təxminən 300 milyon nəfərdir ki, bu da əhalinin 22 faizi deməkdir. Bu rəqəmin 2033-cü ildə 400 milyona, 2050-ci ildə 500 milyona çatacağı və əhalinin ümumi sayının 35 faizini təşkil edəcəyi gözlənilir. Yaşı 65-dən yuxarı olanları sayı isə 14 faiz təşkil edir. BMT-nin rəyinə əsasən, yaşı 65-dən yuxarı olanların sayı ümumi əhalinin sayının 14 faizindən çoxunu təşkil edərsə, həmin cəmiyyət "yaşlı cəmiyyət", bu rəqəm 20 faizdən çox olarsa "super yaşlı cəmiyyət" kimi xarakterizə olunur.
Çin hökuməti demoqrafik problemin qarşısını almaq üçün 1982-ci ildən tətbiq olunan “Hər ailəyə bir uşaq” siyasətini 2016-cı ildə ləğv edərək, 2-ci uşağın dünyaya gətirilməsinə icazə verib. 2021-ci ildə isə ailələrə 3-cü uşağı dünyaya gətirmək icazə verilib. Bu qərarların müəyyən müsbət nəticələri olsa da, əhalinin sayının azalmasının və yaş tərkibi balansının pozulmasının qarşısını ala bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB