Almaniyaya vizasız daxil olmaq istəyən 53 min nəfər saxlanılıb

İlin ilk doqquz ayında etibarlı vizası olmadığı halda quru yolu ilə Almaniyaya daxil olmaq istəyən 53 min 410 nəfər saxlanılıb. Polis onların yarıdan çoxunu - 28 min 321 nəfəri sərhəddən geri qaytarıb. SİA xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, sərhəddən geri qaytarılanlar arasında ən çox Ukrayna (5935 nəfər), Suriya (4708) və Əfqanıstan (2396) vətəndaşları olublar. Almaniyaya ən çox icazəsiz giriş cəhdi isə İsveçrədən edilib. Belə cəhdlərin sayı 9113 olub. Polşadan 7862, Avstriyadan isə 5468 dəfə Almaniyaya qanunsuz yollarla girişə cəhd göstərilib.

Qeyd edək ki, federal polis daha əvvəl deportasiya edilənlər və ölkədə qalmaq üçün müraciətləri qəbul edilməyən şəxsləri geri qaytarır.

Alman polisinin apardığı sərhəd yoxlamaları nəticəsində ilk doqquz ayda 1195 insan qaçaqmalçısı yaxalanıb. Həmçinin barəsində həbs qərarı olan 7783 nəfər müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, Almaniyadan daha əvvəl deportasiya edilən və ölkəyə yenidən girmək istəyən 1482 nəfər də saxlanılıb.

Xatırladaq ki, Almaniyanın daxili işlər naziri Nansi Fezerin qərarı ilə sentyabrın 16-dan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderlandla sərhədlərdə də yoxlamaların aparılmasına başlanılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır. Sərhədlərdəki yoxlamaların ümumi nəticələri ilə bağlı hesabatın noyabrın 1-də açıqlanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə