Aİ Bosniya və Herseqovinada daşqın bölgələrinə 20 milyon avro yardım ayırıb

Avropa İttifaqı (Aİ) Bosniya və Herseqovinanın daşqın və torpaq sürüşməsindən zərər çəkmiş bölgələri üçün 20 milyon avro maliyyə yardımı ayırıb. SİA xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen Balkan ölkələrinə səfəri çərçivəsində Bosniya və Herseqovinada daşqın bölgələrinə səfər edərkən deyib.

Ursula Fon der Lyayen maliyyə vəsaitinin Avropa Həmrəylik Fondundan ayrıldığını, Avrokomissiyanın bərpa prosesinə də dəstək verecəyini bildirib.

Ursula Fon der Lyayen Bosniya və Herseqovinanın Aİ-yə üzvlük üçün namizəd ölkə statusunu almasının əhəmiyətini və proses çərçivəsində növbəti mərhələrdə atılacaq addımların əhəmiyyətini də qeyd edib.

Xatırladaq ki, Bosniya və Herseqovinada oktyabrın 3-dən 4-nə keçən gecə baş vermiş daşqın və torpaq sürüşməsi 27 nəfərin ölümünə səbəb olub. Ən çox Kresevo, Foynitsa, Kiselyak, Konyiç və Yablanitsa bələdiyyələri zərər çəkib, yüzlərlə ev su altında qalıb, zədələnib və ya tamamilə dağılıb. Dəymiş ziyan ən azı 25 milyon avro qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə