Filippində "Trami" tropik qasırğası - ölənlərin sayı 46-ya çatdı

Filippinin şimal-şərqində quruya çıxan "Trami" tropik fırtınasının yaratdığı sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 46-ya yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Filippinin şimal-şərqində təsirli olan "Trami" tropik qasırğası ölkədə güclü yağış və daşqınlara səbəb olub.

Ölkənin müəyyən bölgələrində də sürüşmələrə səbəb olan tropik fırtına "Trami" səbəbi ilə bəzi rayonlara elektrik verilməyib, ölkə daxilində 293 yol və 67 körpü nəqliyyata bağlanıb. Filippin səlahiyyətliləri, ölkənin 9 bölgəsində "Trami" səbəbi ilə ölümlər olduğunu bildirib.

Tropik fırtınada həyatını itirənlərin sayının 46-ya yüksəldiyini açıqlayan səlahiyyətlilər, ən azı 20 nəfərdən xəbər alınmadığını açıqlayıb. Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası 2,6 milyon insanın fırtınadan zərər çəkdiyini açıqlayıb.

Bu il Filippini vuran 11-ci fırtına olan "Trami", Luzon adasını keçərək Bikol və Calabarzon bölgələrində fəlakətli daşqınlar və torpaq sürüşmələri ilə dağıntıların izlərini buraxıb. Filippin rəsmiləri, 28 ölümlə ən çox ölümün paytaxt Manilanın cənub-şərqindəki Bikol bölgəsində qeydə alındığını, 15 nəfərin isə Calabarzon bölgəsində həyatını itirdiyini bildirib. Dövlət Meteorologiya Bürosu, "Trami"nin Filippində bu gün təsirini itirəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə