“Kadırov ona qarşı sui-qəsd hekayəsini özündən uydurub..?”

Bunu “Novaya qazeta Europe”ya Rusiya Federal Təhlükəsizlik Xidmətinin adı açıqlanmayan yüksək vəzifəli mənbəsi bildirib

...Ramzan Kadırovun sübutsuz filansız guya ona qarşı sui-qəsd hazırlanması barədə iddiası uydurmadır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Novaya qazeta Europe”ya Rusiya Federal Təhlükəsizlik Xidmətinin adı açıqlanmayan yüksək vəzifəli mənbəsi bildirib.

Nəşrin həmsöhbətinin sözlərinə görə, həqiqi sui-qəsd cəhdləri zamanı Kadırov və onun ətrafının davranışı həmişə kəskin şəkildə dəyişir, lakin son aylarda Çeçenistan rəhbərinin işində və ya təhlükəsizliyinin gücləndirilməsində heç bir dəyişiklik baş verməyib.

Sui-qəsdi təşkil etmək cəhdində Kadırov Federasiya Şurasının üzvü, dağıstanlı milyarder Süleyman Kərimovu və Dövlət Dumasının iki deputatını – Dağıstandan olan Rizvan Kurbanov və İnquşetiyadan olan Bexan Baraxoyevi açıq şəkildə ittiham edib.

...Kərimov və Baraxoyev media tərəfindən Rusiyanın “Wildberries” bazarının yenidən bölüşdürülməsinin benefisiarlarından biri kimi göstərilir.

Mənbə Çeçenistan rəhbərinin guya onu öldürməyə cəhd etdikləri barədə bəyanatını rəqiblərini onunla danışıqlara məcbur etmək istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, bundan əvvəl deputat Kurbanov video yayımlayıb və o, Kadırova qarşı heç vaxt sui-qəsd planlaşdırmadığını bildirib.

Baraxoyev də, Çeçenistan rəhbərinə sui-qəsdin hazırlanması barədə heç nə bilmədiyini deyib.

Kərimov isə Kadırovun hədələrinə cavab verməyib. Amma Dağıstanın rəhbəri Sergey Melikov onun müdafiəsinə qalxıb. Oktyabrın 12-də Mahaçqalada parkın açılışında o, milyarderin respublikaya mütəmadi olaraq kömək etdiyini və Dağıstanın ona çətin anlarda həmişə dəstək olacağını deyib.

Sui-qəsdin hazırlanması iddiası ilə bağlı təhqiqatın başlanması barədə məlumat verilməyib. Kadırovun özünün yoxlanılması barədə də məlumat yoxdur, baxmayaraq ki, onun ifadəsi Cinayət Məcəlləsinin beş ilədək həbs cəzası nəzərdə tutan adam öldürmə ilə hədələmə maddəsinə aiddir. ...Və Kremlin sözçüsü Dmitri Peskov isə münaqişə tərəflərinə polisə ifadələr yazmağı tövsiyə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə