Kazanda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

“Rusiya-Türkiyə münasibətləri mehriban qonşuluq və konstruktiv xarakter daşıyır”.

SİA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kazanda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.

O, Türkiyə ilə BRICS arasında sıx əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib.

Rusiya Prezidentinin sözlərinə görə, Moskva ilə Ankara arasında enerji sektorunda strateji əhəmiyyətli əlaqələr qurulub. “Rusiya Türkiyənin etibarlı, zamanla sınaqdan keçmiş təbii qaz tədarükçüsüdür. Ötən il “Mavi axın” və “Türk axını” boru kəmərləri ilə 20,5 milyard kubmetr qaz ixrac edilib”, - deyə Putin bildirib. Rusiya lideri Türkiyədə beynəlxalq qaz qovşağının yaradılmasına hazırlıqların davam etdiyini bildirib.

“Həmişə olduğu kimi, ölkələrimiz üçün xüsusi əhəmiyyət kəsb edən regional məsələlər, Suriya sülh prosesi və Transqafqazda vəziyyətin normallaşması barədə də danışacağıq. Təbii ki, Ukrayna böhranı ətrafında vəziyyət barədə sizə məlumat verməyə hazıram”, - deyə Putin bildirib. Vladimir Putin Rusiya və Türkiyənin Yaxın Şərqlə bağlı prinsipial mövqelərinin eyni olduğunu vurğulayıb.

Rusiya lideri Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilən terror aktını pisləyib və başsağlığı verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı üçün təşəkkür edib və 4 nəfərin həlak olduğunu, 14 nəfərin yaralandığını bildirib.

Ərdoğan Rusiya liderinin Türkiyəyə səfər edəcəyini gözlədiyini bildirib. Türkiyə Prezidentinin sözlərinə görə, ölkəsi ilə Rusiya Federasiyası arasında banklararası əməliyyatların normallaşdırılması istiqamətində səylər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə