Məsud Pezeşkian: "ABŞ dollardan silah kimi istifadə edir"

Pezeşkian Rusiya Federasiyasına bağlı Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən 16-cı BRİCS Liderlər Zirvə toplantısının dar iclasında çıxış edib.

"ABŞ dollardan silah kimi istifadə edir, BRİCS-in isə öz milli valyutasının istifadəsini asanlaşdırmaq imkanları var".

SİA xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, bunu İran prezidenti Pezeşkian Rusiya Federasiyasına bağlı Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən 16-cı BRİCS Liderlər Zirvə toplantısının dar iclasında etdiyi çıxışda deyib.

O bildirib ki, ABŞ digər ölkələrə nəzarət etmək üçün dollardan silah kimi istifadə edir. Dünya BRİCS-i dolların gücünü zəiflədəcək və milli valyutaları dövriyyəyə buraxacaq bir təşkilat kimi tanıyır. BRİCS-ə üzv ölkələrin enerji, ərzaq məhsullarının və digər malların ən böyük istehsalçısı və istehlakçısı, həmçinin vacib nəqliyyat və tranzit xətlərinə sahib olmaları milli valyutalardan istifadəni asanlaşdırır.

BRİCS-ə üzv ölkələr müvafiq qurumları iqtisadi və ticari əməkdaşlığın artırılması istiqamətində daha sürətli hərəkətə keçirməyə üz tutmalıdır. İqtisadi sanksiyalara qarşı ortaq mexanizmlərin yaradılması da vacibdir.

Təcrübə və bilikləri paylaşaraq yeni texnologiyalara müştərək investisiyalar vasitəsilə nail olmağın zəruriliyinə diqqət çəkən Pezeşkian BRİCS çərçivəsində qurulan Yeni İnkişaf Bankının (NDB) gücləndirilməsi, yeni üzvlərin qəbulu və kapitalın artırılmasının, beləliklə də üzv ölkələrin infrastruktur işlərinin dəstəklənməsinin vacibliyini qeyd edib.

Dünyanın qabaqcıl inkişaf etməkdə olan iqtisadiyyatlarından Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası kimi ölkələrlə yanaşı, bu il İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iştirakı ilə üzvlərinin sayı 9-a yüksələn BRİCS Ukrayna müharibəsindən sonra Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə son illərdə daha çox gündəmə gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə