“Putin ruslara “ölüm sevinci” təklif edir..?”

Böyük itkilər rusların müharibə ilə bağlı fikirlərini dəyişməyib... Rusiya Federasiyası hər ay 30.000-ə qədər yeni əsgər cəlb edərək ordusunun sıralarını mütəmadi olaraq artırmağı bacarır..?

...Ordusunun böyük itkilərinə baxmayaraq, rusların Ukraynada döyüşmək motivi hələ də qalır.

SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian” yazır ki, ekspertlər maliyyə stimullarının əsas rol oynadığını düşünürlər.

Qərbin hesablamalarına görə, Rusiyanın Ukrayna müharibəsindəki itkiləri 115 min ölü və 500 mindən də artıq yaralıdır.

“The Guardian” qeyd edir ki, bu rəqəmlər SSRİ-nin Əfqanıstan müharibəsində verdiyi itkilərdən 10 dəfə çoxdur.

Qeyd edilməlidir ki, hətta bu da rusları Ukraynadakı müharibə ilə bağlı fikirlərini dəyişməyə məcbur etmir.

Xarici nəşrin materialında deyilir ki, Rusiya öz ordusunun sıralarını müntəzəm olaraq artırmağa nail olur, yəni ayda 30 minə qədər yeni əsgər cəlb edir.

...Və təxminən eyni sayda da rus hərbi qulluqçusu döyüş meydanını tərk edir ki, bu da Rusiya Federasiyasına rotasiya həyata keçirməyə imkan verir.

Nəşr vurğulayır ki, bəzi regionlarda ruslar ordu ilə müqavilə imzalamaq üçün 3 milyon rubla qədər avans alırlar.

Bundan əlavə, hərbçi üçün minimum əmək haqqı 200 000 rubldan çoxdur ki, bu da Rusiyadakı orta əmək haqqından təxminən dörd dəfə yüksəkdir.

“The Guardian” əlavə edib ki, Ukraynanın “OpenMinds” tədqiqat mərkəzinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri 2024-cü ilin yayında düşmənin müdafiəsini yarıb Kursk vilayətinə daxil olduqdan sonra Rusiya ordusuna hərbi xidmətə qəbulla bağlı elanların sayı 224 faiz artıb.

Həmçinin bu ilin avqust ayında Rusiya Federasiyasında hərbi müqavilə ilə bağlı internet sorğularının sayı 66 faiz artıb.

...Rusiya Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən keçmiş əməkdaşı bildirib ki, rus generalları qurbanların sayına əhəmiyyət vermir. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin tələblərinin yerinə yetirilməsi daha əhəmiyyətlidir.

ABŞ-ın Corciya Texnologiya İnstitutunun rus dili üzrə professoru Dina Xapayeva The Guardian-a şərhində Putinin dövründə Rusiya Federasiyasında həyatın dəyərinin nəzərəçarpacaq dərəcədə azaldığını bildirib. O, Rusiya rəhbərinin ölən əsgərlərin anaları qarşısında onlara uşaqlarının ölümünü təriflədiyi çıxışını da xatırladıb.

Xapayevanın dediyinə görə, “Putin ruslara “ölüm sevinci” təklif edir”…

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə