Putini dəstəkləyən ruslar Ukrayna ilə sülh istəyirlər...

Onlar Qərblə münasibətlərin bərpa olunmasını da istəyirlər...

...Vladimir Putinin prezident kimi fəaliyyətini bəyənən rusların əksəriyyəti (61 faiz) Ukrayna ilə qarşılıqlı güzəştlərlə sülh müqaviləsinin bağlanmasının tərəfdarıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Meduza-nın nəticələrini dərc edən Chronicle tədqiqat layihəsinin sorğusu göstərib.

Üstəlik, Putinə sadiq vətəndaşların 43 faizi Qərb dövlətləri ilə Ukraynanın işğalı nəticəsində kəsilən münasibətləri bərpa etməli olduqlarını bildiriblər.

Eyni zamanda, prezidentin siyasətini bəyənənlərin yalnız 25 faizi müharibəni davam etdirmək üçün kişilərin səfərbər edilməsini dəstəkləyir.

Həmçinin Putini dəstəkləyənlərin 83 faizi hökumətin əsas səylərini ölkənin daxili sosial və iqtisadi problemlərinə yönəltməsini istədiklərini bildirib.

Ümumilikdə respondentlərin 78 faizi Putinin prezident kimi fəaliyyətini bəyəndiyini bildirib.

...Prezidentin siyasətini dəstəkləməyənlər arasında Ukrayna ilə sülh tərəfdarları daha çoxdur – 79 faiz, Qərblə münasibətləri bərpa etmək istəyənlər isə 90 faizdir və yalnız 13 faizi müharibədə iştirak etmək üçün kişilərin səfərbər edilməsini zəruri hesab edir.

Eyni zamanda, 92 faiz hökumətin əsas səylərini Rusiyanın daxili problemlərinə yönəltməsinin tərəfdarı olub.

Qeyd edək ki, sorğu sentyabrın 10-dan sentyabrın 17-dək 18 yaşdan yuxarı əhali arasında telefon vasitəsilə aparılıb. Müsahibə 800 nəfərlə aparılıb.

Sentyabr ayında Chronicle Project və Extreme Scan tədqiqat qrupunun keçirdiyi başqa bir sorğu göstərdi ki, rusların demək olar ki, yarısı (49 faiz) qondarma xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmadan Rusiya qoşunlarının çıxarılmasını və Ukrayna ilə sülh danışıqlarını dəstəkləməyə hazırdır.

Respondentlərin 33 faizi bunun əleyhinə olub. Respondentlərin böyük əksəriyyəti (63 faiz) Moskva ilə Kiyev arasında növbəti il ​​ərzində qarşılıqlı güzəştlər əsasında sülh sazişi bağlamaq istəyir.

...Öz növbəsində, Levada Mərkəzinin sorğusu Ukraynaya müdaxilənin xeyirdən çox zərər verdiyinə inanan rusların sayının artdığını göstərib.

Sentyabrda respondentlərin 47 faizi bunu deyibsə, may ayında bu, 41 faiz olub. Bununla yanaşı, Putinin başladığı müharibənin daha çox fayda gətirdiyinə əmin olanların sayı 38-dən 28 faizə düşüb.

Respondentlərin 54 faizi sülh danışıqlarının sentyabrda başlanmasının tərəfdarı olub.

Bu, avqustda - Ukrayna ordusunun Kursk vilayətini işğal etməsindən sonra olduğundan 4 faiz çoxdur, lakin iyulda olduğundan (58 faiz) azdır.

Həmçinin, davam edən hərbi əməliyyatları dəstəkləyənlərin sayı 41-dən 39 faizə qədər azalıb.

Rusiyalıların 72 faizi Putinin müharibəni bitirmək qərarını dəstəkləyəcəyini bildirib. Lakin şərtlərdən biri işğal olunmuş ərazilərin Ukraynaya qaytarılmasıdırsa, respondentlərin yalnız 31 faizi bununla razılaşır?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə