Güclü yağış və küləklə Kubanı vuran “Oskar” tropik fırtınası bir neçə gündür elektrik enerjisinin kəsildiyi, bəzi binalara ziyan dəydiyi ölkədə həyata mənfi təsir edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzinin verdiyi açıqlamada, tropik qasırğanın dünən saatda 75 kilometr sürətlə Quantanamo şəhərinə çatdığı bildirilib.

Açıqlamada "Oskar"ın ölkədə irəliləməyə davam etdiyi və daşqınlara və can itkisinə səbəb ola biləcəyi bildirilib. Yerli KİV-in məlumatına görə, güclü yağış və külək səbəbindən sahil zolağında bəzi binalara ziyan dəyib, fırtına artıq elektrik enerjisinin kəsildiyi ölkədə həyata mənfi təsir edib. Kubada əsas elektrik stansiyalarında yaranan nasazlıq səbəbindən oktyabrın 18-dən milyonlarla insan işıqsız qalıb.

Səlahiyyətlilər gərgin səylərdən sonra paytaxt Havana başda olmaqla bəzi bölgələrə enerji verilməyə başladığını, lakin ölkənin yüzdə 80-nin hələ də elektriksiz qaldığını və bəzi şəhərlərdə fasilələrin 30 saatdan çox davam etdiyini açıqlayıb. Kubada elektrik stansiyalarında yaranan nasazlıqlara görə tez-tez elektrik enerjisi kəsilir. Mətbuatın yazdığına görə, 40 il əvvəl Sovet İttifaqının tikdiyi elektrik stansiyalarına lazımi səviyyədə texniki qulluq göstərilmədiyi üçün bu problemlər təkrarlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə