“Biz polisə hər ay pul veririk ki, bizi aparmasınlar…”

Miqrant Moskvada qeydiyyat olmadan necə yaşadığını danışır
“Biz polisə hər ay pul veririk ki, bizi aparmasınlar…”

...Deməli, Rusiya hakimiyyəti indi də “rezin mənzillərə” qarşı mübarizəyə başladıqlarını açıqlayıb.

“Rezin mənzillər”in nə olduğunu bilirsinizmi? Elə isə deyim Siz də bilin!

…Ruslar onlarla insanın (miqrantın) qeydiyyatda olduğu və ya yaşadığı yaşayış evlərinə “rezin mənzillər” deyirlər.

…Burada rus hakimiyyətinin necə “humanist” bir hakimiyyət olduğunu unutmaq lazım deyil və onlar bu gün də humanizm nümayiş etdirərək, “…mənzildə qeydiyyatda olan hər bir sakin üçün ən azı 6 kvadratmetr sahə olmalıdır” deyib, “rezin mənzilləri” müəyyən etmək üçün xüsusi fəaliyyətlərini işə salıblar.

…Qeyd edək ki, hüquq müdafiəçiləri hesab edirlər ki, bütün bunlar Rusiyada miqrantlara təzyiq göstərmək üçün işə salınan əlavə üsullardır.

Son vaxtlar, təbii ki, Rusiyada mənzil kirayələmək, orada qeydiyyatdan keçmək onsuz da çətin idi.

Bu arada Moskvada mənzil kirayələyən, lakin orada yox, başqa yerdə qeydiyyatda olan miqrantlardan biri öz hekayəsini danışıb.

…Beləliklə, Moskvada üç otaqlı mənzildə yaşayan həmin miqrant icarəyə görə ayda 70 min rubl (təxminən 700 dollar) ödəyir, amma orada qeydiyyatda deyil: evi ona kirayə verən ev sahibi bunu etmək istəmir. Miqrant başa düşür ki, polis gəlib onu yoxlaya, həbs edib deportasiya edə bilər, amma o, yerli polis əməkdaşı ilə razılaşmasının olduğunu deyir.

…Rayon polis işçisi bilir ki, biz orada yaşayırıq, ona pul veririk ki, bizi aparmasınlar, amma pulu verməsək, günü sabah onlar istədiklərini edərlər.

Miqrant deyir ki, polis mütəmadi olaraq onların yaşadığı ərazidəki mənzillərə reydlər keçirir, lakin ona bu barədə əvvəldən xəbərdarlıq edilir.

…Bizim ərazidə mənzil kirayələyən bir qrup qırğız yaşayır. Reyddən əvvəl polisə aylıq pul verirlər deyə, onlara da evdən çıxmamaq göstərişi verilir. Ona görə də basqın zamanı qırğızlara dəymirlər.

…Adətən, Rusiyada icarə müqaviləsi imzalayarkən, mənzildə yaşayacaq 4-5 nəfəri qeyd edə bilərsiniz və sahibi müqavilədə göstərilən bütün insanları qeydiyyata almalıdır.

Ancaq tez-tez sahiblər bunu etməyə razı olmurlar, xüsusən də əcnəbiləri…

…Məsələn, biz qeydiyyatdan keçməmişdik, ev sahibi bizi yaşadığımız yerdə qeydiyyatdan keçirməyə qorxur, ona görə də biz başqa yerdə qeydiyyatdan keçmişik.

Bunları danışan miqranta görə, sahibinin əvvəllər nədən qorxduğunu bilmədiyini deyir. Amma indi soruşanda Krokusdakı terror aktını göstərir.

Onun dediyinə görə, o vaxt “terror iştirakçıları”na mənzil kirayə verən və maşın satanların hamısı həbs olunub deyə indi rusların özləri də qorxurlar.

Deyilənlərə görə, bu vəziyyətdən çıxış yolu vasitəçilər vasitəsilə hostel və yataqxanalarda qeydiyyatdan keçməkdir. Amma bu xidmət də ucuz deyil - 20 ilə 70 min rubl arasındadır...

…Onu da qeyd edək ki, miqrantların yaşadığı mənzillərə qarşı mübarizəyə təkcə Rusiya qanunvericiləri deyil, indi həm də “Rusiya İcması” millətçi hərəkatı qoşulub.

Bundan əlavə, bu yaxınlarda xüsusi chatbot (…catbot- süni intellekt proqramı olub, interaktiv insan danışıq simulyasiyası yaradır-A. B.) istifadəyə verilib. Oxşar mənzillər haqqında məlumatı oraya göndərə bilərsiniz.

Ekspertlər qeyd edirlər ki, yuxarıda sadalananların hamısı miqrantlara təzyiq göstərmək üçün əlavə üsullar və onlardan mümkün qədər çox pul sıxışdırmaq üçün bir üsuldur.

Onu da qeyd edək ki, Mərkəzi Asiyadan olan miqrantlar dəfələrlə yaşadıqları yer üzrə qeydiyyat problemindən danışıb və qeyd ediblər ki, rusların özləri, həm ev sahibləri, həm də qanunvericilər onları qeyri-qanuni vəziyyətə salıblar.

Bütün bunlar isə onları korrupsioner üsullarla qanundan yan keçməyə məcbur edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə