Almaniyanın Hamburq şəhərinin Şantsenfirtel (Schanzenviertel) bölgəsində, orta məktəbin ərazisində İkinci Dünya müharibəsi dövrünə aid partlamamış bomba tapılıb. SİA yerli mediaya istinadla xəbər verir ki, kütləsi təxminən 250 kiloqram olan bombanın zərərsizləşdirilməsi üçün 300 metr radiusda əraziyə giriş qadağan edilib, dəmir yolunda hərəkət məhdudlaşdırılıb.
Yaxınlıqda yaşayan təxminən 5 min nəfərin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilir. Təxliyə olunan sakinlər üçün gimnaziyaların birində müvəqqəti sığınacaq yaradılıb. Sakinlər avtobuslarla buraya gətirilir.
Polis Şantsenfirtel ərazisinə getməmək barədə əhaliyə ciddi xəbərdarlıq edib.
Şantsenfirtel Hamburq əhalisinin asudə vaxt keçirmək üçün ən çox üz tutduğu məkanlardandır.
Bütün xəbərlər Facebook səhifəmizdə