Qaraqalpaq türkləri, dili və məskunlaşma yerləri

Qaraqalpaq türkləri Türküstan coğrafiyasında yaşayan qazax, qırğız, türkmən, özbək və uyğur türklərinə nisbətən bölgədə ən az əhaliyə sahib olan bir türk qrupudur.

SİA-nın əldə etdiyi məlumata görə, onlar bu gün əsasən Qaraqalpaqıstanda yaşayırlar və əhalisinin 2023-cü ilə görə təxminən 900 min olduğu məlumdur. Qaraqalpaqıstan Özbəkistana bağlı muxtar bir respublikadır və tarixi Aral gölünün cənub hissəsi buranın sərhədləri içərisində yerləşir.

Qaraqalpaq adı "qara" (qara rəng) və "qalpaq" (ənənəvi papaq) sözlərinin birləşməsindən yaranıb. Buna əsasən, "qaraqalpaq" adının bu xalqın etnik xüsusiyyətlərini ifadə etmədiyini daha çox onların geyim tərzi ilə bağlı olduğunu söyləmək mümkündür. Onların bu adla varlığı XVI əsrə qədər gedib çıxır. Bu dövrdən əvvəlki tarixi mənbələrdə “qara başlılar” və ya sadəcə “başlılar” adı ilə qeyd olunan qaraqalpaq türkləri XI əsrə aid olan Rusiya nəşrlərində “çyorniye kolbuki”, ərəb mənbələrində isə “qarabörklü” adı ilə anılırdı. Tarixçi Rəşidəddinə görə, qaraqalpaq türkləri monqol hücumları zamanı "Qövmi külah-i siyah" adı ilə tanınmış, ərəb yazıçılarından ən-Nüveyrinin Qızıl Orda qıpçaq qəbilələri arasında “Kara-Börklü” adlı bir topluluqdan bəhs etdiyi məlumdur.

Tarixçilərin fikrincə, qaraqalpaq türkləri VI əsrdə Oğuz, Qıpçaq və Peçeneq kimi türk boylarının qarışması nəticəsində yaranmış bir cəmiyyətdir. Səlcuqların rəhbərliyi ilə Oğuz türkləri İranı keçərək Anadolu və Orta Şərqə yayıldıqda qaraqalpaqların bir qisminin onlara qoşulduğu, lakin əksəriyyətinin Aral gölü ətrafında qaldığı bilinir.

Qaraqalpaq dili coğrafi və linqvistik əsaslarla təsnif olunduqda Şimal-Qərb və ya Qıpçaq qrupuna daxil edilir, ən çox Qazax və Noğay türkcələrinə bənzəyir. Hətta bəzi türkoloqlar qaraqalpaq türkcəsini Qazax türkcəsinin bir şivəsi kimi dəyərləndirir.

Məlum olduğu kimi, XX əsrdən əvvəl günümüzdə danışılan türk ləhcələri arasındakı fərqlər çox böyük deyildi. Buna görə də türklərin standart və ya ədəbi dil anlayışı da fərqli olub. Məsələn, qazax, qırğız, özbək, uyğur, qaraqalpaq və ya türkmənlər öz aralarında boy adlarına görə ayrılsalar da, danışdıqları dili “türkcə” adlandırır, yazı dili kimi isə Əli Şir Nəvainin dövründə inkişaf edən və Qərb ədəbiyyatında “Çağatay” adı ilə tanınan yazı dilindən istifadə edirdilər. Buna əsasən, Qaraqalpaq türkləri də həmin dövrdə qeyd edilən yazı dilini istifadə etmiş, Sovet dövründə isə hər bir türk boyuna fərqli bir əlifba təyin edildikdən sonra Qaraqalpaq türkləri də öz şivələrinə əsaslanan bir yazı dili formalaşdırmışlar. Bu yazı dili 1 dekabr 1989-cu ildə rəsmi dil statusu qazanmışdır və günümüzdə Özbəkistan türkcəsi ilə birlikdə Qaraqalpaq Muxtar Respublikasının rəsmi dilidir. Qaraqalpaq türkcəsi Qaraqalpaqıstanda rəsmi yerlərdə - təhsil, media və mədəni fəaliyyətlərdə asanlıqla istifadə edilir.

Əziz dinləyicilər, professor Gülsüm Killi Yılmazın töhfələri ilə əməkdaşımız Səidə Burhaniddiova tərəfindən hazırlanan Qaraqalpaq türkləri, onların yaşadıqları ərazilər və dillərinə həsr edilən bölümün sonuna gəldik. Növbəti “Türk dilinin sehirli dünyası”nda türk ləhcəsinin danışıldığı fərqli coğrafiyalarda görüşmək ümidi ilə, sağ olun.

Bütün xəbərlər Facebook səhifəmizdə