İtaliyanın Albaniyada tikdiyi düşərgələr miqrant qəbuluna hazırdır

İtaliyanın Albaniyanın şimalında inşa etdiyi iki miqrant qəbulu mərkəzi istifadəyə verilib. SİA xəbər verir ki, Şenqjin və Qjader şəhərlərində yerləşən düşərgələr artıq mühacirləri qəbul etməyə hazırdır. Lazımi maddi-texniki təchizat və kadrlarla təmin olunan düşərgələrdə İtaliya tərəfindən ələ keçirilən və göndərilən qeyri-qanuni mühacirlər yerləşdiriləcək.

Bütün tikinti və avadanlıq xərclərini İtaliya tərəfi öz üzərinə götürüb. Miqrant düşərgələrində İtaliya polisi tərəfindən qorunan həbsxana və məhkəmə otaqları da var. Burada ümumilikdə 400-dək miqrant üçün yer var.

İtaliya beş il ərzində mərkəzə ümumilikdə 670 milyon avro vəsait ayıracaq. Miqrantların sığınacaq tələbləri üçün prosedur 28 gün çəkəcək.

Qeyd edək ki, keçən ilin noyabrında İtaliya və Albaniya arasında imzalanan razılaşmaya əsasən, iki düşərgədə ayda maksimum üç min, il ərzində isə ümumilikdə 36 minədək mmiqrant müvəqqəti yerləşdiriləcək. Düşərgələrdə alban qanunları ilə yanaşı, İtaliya qanunları da tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə