Çin ABŞ-ın 3 şirkətinə və 10 nəfərə sanksiya tətbiq edəcək

Çin ABŞ-ın daha 3 şirkətinə və 10 nəfərə qarşı sanksiya tətbiqinə başladığını bildirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən sanksiyalar həmin hüquqi və fiziki şəxslərin Tayvana silah satışında iştirakına görə tətbiq olunur. Müəssisələr “Edge Autonomy Operations LLC”, “Huntingdon Ingalls Industries Inc” və “Skydio Inc”dir. Həmin müəsissələrin və şəxslərin Çindəki daşınar və daşınmaz əmlakı, digər vəsaitləri dondurulacaq. Sanksiya tətbiq olunan şəxslərin Çinin materik hissəsinə, habelə Honkonq və Makao xüsusi inzibati ərazilərinə girişinə qadağa qoyulub. Bundan başqa, Çindəki bütün qurum və fərdlərin sanksiya tətbiq edilən hüquqi və fiziki şəxslərlə əməkdaşlığı qadağan edilib.

Qeyd edək ki, Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin ən həssas məqamıdır. Rəsmi Pekin Tayvan mövzusunu Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətt hesab edir. Çin ABŞ-dan Tayvanın müstəqilliyini dəstəkləməməyi və adanı silahlandırmamağı tələb edir. Vaşinqton Tayvanı müstəqil dövlət kimi tanımasa da, adaya siyasi, iqtisadi və hərbi dəstək göstərir. ABŞ Dövlət katibi Antoni Blinkenin mayda Tayvandakı separatçı qurumun yeni rəhbəri Lay Çinq-Teni səlahiyyətlərinin icrasına başlaması münasibəti ilə təbrik etməsi, 2022-ci ildə isə ABŞ Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin Çinin etirazına baxmayaraq, Tayvana səfər etməsi bu siyasi dəstəyin göstəricisidir. Vaşinqton bundan başqa, Tayvan adasına davamlı silah tədarük edir ki, bu da rəsmi Pekinin narazılığına səbəb olur. Ötən müddətdə Çin tərəfi ABŞ-ın bir neçə hüquqi və fiziki şəxsinə qarşı sanskiya tətbiq edib, bir neçə şirkətini “qara siyahı”ya salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə