Qəzzada ölənlərin sayı 42 mini keçib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 45 nəfər artaraq 42 min 10-a çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 369 gündür Qəzza zolağında həyata keçirdiyi soyqırımla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi 3 qırğında 45 nəfərin öldüyü, 130 nəfərin yaralandığı bildirilib.

İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 42 min 10-a, yaralıların sayının isə 97 min 720-yə yüksəldiyi qeyd edilib. Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə