Türkiyə elmi nəşrlərin sayına görə TOP-10 ölkələr sırasına daxil olmağa çalışır - Ərdoğan

Türkiyə universitetləri çalışmalıdırlar ki, ali təhsil sistemi yaxın gələcəkdə elmi nəşrlərin sayına görə TOP 10 ölkəyə daxil olsun. SİA xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə universitetlərində 2024/2025-ci tədris ilinin başlanması münasibətilə keçirilən mərasimdə bildirib.

Prezident qeyd edib ki, əgər 2002-ci ildə Türkiyə elmi nəşrlərin statistikasına görə dünya reytinqində 29-cu yerdə idisə, bu gün artıq 17-ci yerdədir. “Əminəm ki, dünya liderlərinin onluğuna daxil olacağımız gün uzaqda deyil”, - deyə Ərdoğan bildirib.

Dövlət başçısı müasir Türkiyənin təhsil sisteminin nailiyyətlərinə diqqət çəkərək, 2002-ci ildə ölkədə cəmi 76 universitetin fəaliyyət göstərdiyini, bu gün isə universitetlərin sayının 208-ə çatdığını xatırladıb. Eyni zamanda, ali məktəb tələbələrinin sayı iki onillikdə iki milyondan yeddi milyona qədər artıb.

“Bu gün Türkiyənin 81 vilayətinin hər birində universitetlər var. Ölkənin üç ən böyük şəhəri – İstanbul, Ankara və İzmirdən kənarda konkret vilayətin ehtiyaclarından asılı olaraq 2, 3 və hətta 4 universitet açılıb”, - deyə Türkiyə lideri bildirib.

O, hökumətin ali təhsil sisteminə maksimum dəstək verməyə hazır olduğunu vurğulayıb: “Hakim Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndə (2002-ci ildə - redaktorun qeydi) Türkiyədə ali təhsil sisteminin dəstəklənməsinə büdcədən 2,4 milyard lirə ayrılmışdı, 2024-cü ildə isə biz bu bu məqsəd üçün 341 milyard lirə ayırdıq".

Ərdoğan daha sonra ölkədəki orta təhsil müəssisələrinin məzunlarının ali məktəblərə qəbul olmasına diqqət çəkib: “2003-cü ildə lisey məzunlarının cəmi 15 faizi universitetə daxil olurdu. Bu gün bu rəqəm 50 faizə çatır”.

Dövlət başçısı bildirib ki, bu gün Türkiyə universitetlərində dünyanın 198 ölkəsindən tələbələr təhsil alır.

“2002-ci ildə Türkiyədə əcnəbi tələbələrin sayı 16 min səviyyəsində idisə, ötən tədris ilinin sonunda bu rəqəm 340 mini keçib. Əcnəbi tələbələrin Türkiyə iqtisadiyyatına töhfəsi ildə 3 milyard dollara çatıb, baxmayaraq ki, hələ 2010-cu ildə bu rəqəm 200 milyon dollar təşkil edirdi”, - deyə Prezident bildirib.

Siyasətçi bununla kifayətlənməməyə çağırıb: “ABŞ, Avropa ölkələri və Avstraliyada ali təhsil sisteminin göstəricilərini təhlil edəndə məlum olur ki, bizim hələ çox işimiz var. Biz daha çox əcnəbi tələbə cəlb etməyə çalışmalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə