Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) bütün üzvlərə "Baş katib Antonio Quterreşin vəzifəsini baltalayacaq hərəkətlərdən çəkinmə" çağırışını etdi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Baerisvil qapalı BMT TŞ iclasından sonra 15 üzv adından açıqlama verdi. Bu, İsrailin BMT Baş katibi Antonio Quterreşi "arzuolunmaz şəxs" elan etməsindən sonra gəldi.
BMT TŞ üzvlərinin "Quterreş və onun BMT-də oynadığı çox böyük rola tam dəstək verdikləri”ni bildirən P.Baerisvil səmərəli və təsirli əlaqələr qurmanın vacibliyinə diqqət çəkdi. O, "Bütün üzvlər Baş katibin vəzifəsini baltalayacaq hərəkətlərdən çəkinməlidir" ifadəsini işlətdi.
Xatırladaq ki, İsrail hökuməti Yaxın Şərqdə gərginliyin təcili olaraq azaldılmasına çağıran Quterreşi "arzuolunmaz şəxs" elan edərək ölkəyə girişinə qadağa qoyduğunu bildirmişdi. BMT Baş katibinin 1 oktyabrda verdiyi açıqlamada İsrailə atılan raketlərlə bağlı İranın adını çəkmədiyi və rəsmi Tehranın hücumunu birbaşa qınamadığı iddia olunmuşdu.
A.Quterreş İranın raket hücumundan sonra etdiyi çıxışında "Yaxın Şərqdə münaqişənin genişlənməsini qınayıram" ifadəsini işlədərək təcili atəşkəs vurğusu etmişdi.
İsrailin bu qərarının ardından BMT Təhlükəsizlik Şurasının üzv ölkələri və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yüksək nümayəndəsi Cozep Borrel Antonio Quterreşə dəstək verdiklərini açıqlamışdılar.
Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfilin isə BMT-dəki çıxışında Baş katibdən heç bəhs etməməsi və "ABŞ İsrailə tam, tam, tam dəstək verir" şəklində danışması da diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə