Qebreyesus Livandakı səhiyyə sistemini qiymətləndirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin hücumlarını davam etdirdiyi Livanda səhiyyə sisteminin tələblərlə mübarizə aparmaqda çətinlik çəkdiyini bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

O, Livandakı səhiyyə sisteminin qarşılaşdığı çətinliklərlə bağlı “X” platformasında paylaşım edib.

Livanda ölümlərin artdığını qeyd edən T.A.Qebreyesus "Xəstəxanalar yaralılarla dolub daşır. Səhiyyə sistemi ardıcıl yaşanan böhranlar səbəbindən zəifləyib və böyük ehtiyaclarla mübarizə aparmaqda çətinlik çəkir" ifadəsini işlədib.

Baş direktor Livandakı və bölgədəki səhiyyə vəziyyətini müzakirə etmək üçün Cenevrədə Ərəb Birliyinə üzv ölkələrin səfirləri ilə bir araya gəldiyini və xəstələrin, səhiyyə işçilərinin, eləcə də qaçqınlar daxil olmaqla mülki şəxslərin qorunması və bu insanlara ehtiyacları olan səhiyyə xidmətlərinin göstərilməsinin vacibliyi ilə bağlı razılığa gəldiklərini bildirib. ÜST-nin Livan Səhiyyə Nazirliyi ilə koordinasiyalı şəkildə çalışdığını vurğulayaraq daha çox yardıma ehtiyac olduğunu və xəstələrə göstərilən yardımları artırdıqlarını söyləyib.

Tedros Adhanom Qebreyesus həmçinin deyib:"Livanın, Qəzzanın, İsrailin və bütün Orta Şərq xalqlarının ehtiyacı olan şey sülhdür. Daha çox itki və əzabın qarşısını almaq üçün zorakılıq sona çatmalıdır. Münaqişənin daha da şiddətlənməsi bölgə üçün ciddi nəticələrə səbəb olacaq. Ən yaxşı dərman sülhdür".

Bütün xəbərlər Facebook səhifəmizdə