ABŞ Tayvana hərbi yardım edəcək,.. Çinin acığına?

Amerika Birləşmiş Ştatları Çin ilə suverenlik münaqişəsi içində olan Tayvana 567 milyon dollarlıq hərbi yardım edəcəyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ağ Evdən verilən açıqlamada deyilir ki, ABŞ prezidenti Co Baydenin 1961-ci il Xarici Yardım Qanunu çərçivəsində Prezidentin Sərəncam Vermə Səlahiyyəti (PDA) əsasında Tayvana müdafiə məhsul və xidmətləri, hərbi təhsil, təlim və yardım göstərmək üçün müvafiq məbləğin ayrılması barədə Dövlət Departamentini səlahiyyətləndirib. Bu, ABŞ-ın bu günə qədər Tayvana birdəfəlik ən böyük hərbi yardımı sayılır.

Xatırladaq ki, rəsmi Vaşinqton 2023-cü ilin iyulunda PDA çərçivəsində Tayvana 345 milyon dollar dəyərində müdafiə məhsul və xidmətlərini əhatə edən hərbi yardım göstərəcəyi barədə açıqlama vermişdi.

PDA çərçivəsində ABŞ böhran dövrlərində öz inventarından hərbi avadanlıq və silahları müttəfiqlərə tədarük edə bilir.

Ağ Evin açıqlamasında yardımın məzmunu ilə bağlı məlumat verilməsə də, ABŞ-da nəşr olunan “Defense News”un ABŞ-lı rəsmilərə istinadən verdiyi xəbərdə yardım paketinin təhsil, ehtiyat, zireh deşən silahlar, hava müdafiəsi və çoxlu sahədə təqib məhsulları ilə birgə adanın Çinə qarşı asimmetrik müharibə qabiliyyəti üçün kritik əhəmiyyət kəsb edən pilotsuz uçuş aparatlarını əhatə edəcəyi iddia olunmuşdu.

ABŞ administrasiyasının Tayvana üçüncü yardım paketinin detalları üzərində işlədiyi, bunun Co Baydenin səlahiyyət müddəti bitmədən tamamlanacağı bildirilir.

Çinin öz ərazisinin bir hissəsi hesab etdiyi Tayvan Çin Xalq Respublikasının qurulduğu 1949-cu ildən bəri faktiki müstəqilliyə malikdir.

Vətəndaş müharibəsi nəticəsində Çin quru parçası ilə Tayvan arasında yaranan ayrılıq hələ də davam edir. Rəsmi Pekin "tək Çin" prinsipi üzərində duraraq ölkələrin Tayvan ilə rəsmi əlaqə qurmasına və silah satışı etməsinə qarşı çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə