Livandan Suriyaya keçənlərin sayı 100 minə çatıb - BMT

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi İsrailin hücumlarından qaçaraq Livandan Suriyaya keçənlərin sayının 100 minə çatdığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Filippo Qrandi İsrailin Livana hücumları ilə bağlı "X" səhifəsində paylaşım edib.

2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.

Livan hakimiyyətinin məlumatına görə, Hizbullahın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1174 nəfər ölüb. Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Hizbullah İsrailə raketlərlə cavab verir. Əsasən İsrail tərəfindəki ordu bazalarını hədəf alan bu hücumlarda ciddi dağıntı qeydə alınmayıb. İsrailin bombardmanları nəticəsində yüz minlərlə insan ölkə daxilində didərgin düşüb. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, on minlərlə insanın Suriyaya köç etdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə