Belçikada bütün uçuşlar ləğv edildi

Belçikanın Brüssel Hava Limanında işçilərin tətili səbəbilə sabah uçması planlaşdırılan bütün reyslər ləğv edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Brüssel Hava Limanı rəsmiləri təhlükəsizlik işçilərinin oktyabrın 1-i çərşənbə axşamı tətilə gedəcəyini və əməliyyatlarda ciddi fasilələrin gözlənildiyini açıqlayıb.

“Sərnişinlərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün aviaşirkətlər Brüssel Hava Limanı ilə məsləhətləşərək oktyabrın 1-də heç bir xarici reys həyata keçirməmək qərarına gəliblər” - deyə, məlumatda deyilir.

Açıqlamada hava yolu şirkətlərinin zərər çəkmiş sərnişinlərlə əlaqə saxlayacağı, gediş-gəliş reysləri olan sərnişinlərdən oktyabrın 1-də hava limanına gəlməmələri istənilib. Açıqlamada Brüsselə uçuşların edilə biləcəyi, lakin ləğvlərin də ola biləcəyi vurğulanıb və Brüssel Hava Limanına uçuşu olan bütün sərnişinlərə uçuşların vəziyyətini yoxlamaları tövsiyə edilib.

Brüssel hava limanındakı tətil səbəbi ilə təxminən 50 min sərnişinin təsirlənəcəyi gözlənilir. İşçilər iş yükünün artması və iş şəraitinin pisləşməsindən şikayətlənirlər. Hava limanının infrastrukturunu, ictimai nəqliyyat variantlarını və istirahət yerlərini qeyri-adekvat hesab edən işçilər şəraitin yaxşılaşdırılmasını tələb edirlər. Sentyabrın 12-13-də Belçikanın Şarlerua hava limanında baqaj, qeydiyyat, yanacaqdoldurma və təhlükəsizlik kimi xidmətlərdə çalışan işçilərin tətili səbəbindən bütün gələn və gedən reyslər ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə