Türkiyə prezidenti ABŞ görüşlərinə dair paylaşım edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında iştirak etmək üçün ABŞ səfərini başa vuraraq ölkəyə qayıdan prezident Rəcəb Tayyib Ərdoğan görüşlərinə dair paylaşım edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Sosial şəbəkədə Ərdoğan “Nyu-Yorkdakı təmaslarımız zamanı BMT Baş katibi Entoni Quterreş, Almaniya kansleri Olaf Şolts, Albaniya Baş naziri Edi Rama, Ermənistan Baş naziri Nikol Paşinyan, Qvineya-Bissaunun prezidenti Umaro Sissoko Embalo, İraq Baş naziri Məhəmməd Şiya es-Sudani, İran prezidenti Məsud Pezəşkiyan, İtaliya Baş naziri Corciya Meloni, Küveyt vəliəhdi Şeyx Sabah Xaled əl-Hamad əl-Sabah, Livan Baş naziri Nəcib Mikati, Pakistan Baş naziri Şahbaz Şərif, Serbiya prezidenti Aleksandr Vuçiç, Sudan prezidenti Əbdülfəttah əl-Burhan, Ukrayna prezidenti Volodimir Zelenski və Yunanıstan Baş naziri Kiryakos Mitsotakis ilə görüşlər keçirdik” deyə yazıb.

Həmçinin Beynəlxalq Cinayət Məhkəməsi Baş prokuroru Kərim Xanı Türk Evində qəbul etdiklərini söyləyən Ərdoğan bildirib: “BMT 79-cu Baş Assambleyasındakı çıxışımızı etdik. Türk-Amerika Milli Koordinasiya Komitəsi Proqramında Amerikadan gələn Türk-Amerika cəmiyyətinin nümayəndələri ilə bir araya gəldik. ABŞ-dakı düşüncə mərkəzləri nümayəndələri ilə dəyirmi masa toplantısında görüşdük. Türkiyə Gənclik və Təhsilə Xidmət Fondu (TÜRGEV) ilə Ensar Fondunun birgə yaratdığı “TURKEN Foundation” binasını ziyarət etdik. Türkiyə-ABŞ İş Şurası (TAİK) tərəfindən təşkil olunan 15-ci Türkiyə İnvestisiya Konfransına qatıldıq. Həyat yoldaşım Əminə Ərdoğan ilə birlikdə Qadın və Demokratiya Fondu (KADEM) tərəfindən Nyu-Yorkda açılan Həyatın İçində Qadın adlı foto sərgini gəzdik”.

Prezident “Qədim dəyərlərimizdən aldığımız güclə bütün insanlığın vicdanı olmağa, daha əhatəli, ədalətli və təsirli bir BMT üçün gecə-gündüz çalışmağa davam edəcəyik” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə