Dövlət Duması Rusiyada “cinayətkarların sayını artırır”..?

2022-ci il fevralın 24-dən bəri rus hərbçiləri “qətl” maddəsi ilə ən azı 211 insan tələfatı, 114 cinayət törədib..?

...Rusiyada türmələrdən döyüşlərə göndərilən və sonradan evlərinə qayıdan “müharibə veteranları”nın əli ilə ən azı 242 nəfər öldürülüb, 227 nəfər isə ağır yaralanıb. Əslində bu elə də dəqiq məlumat olmamalıdır, çünki bu hələ, bizlərdə deyildiyi kimi, “üzdə” olanlardır.

SİA-nın əldə etdiyi məlumata görə, bu günlərdə “Verstka” nəşri Rusiya məhkəmələrinin və KİV-lərin məlumatlarını təhlil edərək belə nəticəyə gəlib ki, 2022-ci il fevralın 24-dən bəri rus hərbçiləri “qətl” maddəsi ilə azı 211 insan tələfatı, 114 cinayət törədib..?

Yuxarıda qeyd etdiyimiz kimi, əksər hallarda cinayətləri keçmiş məhbuslar törədir və onlar, qəribə də olsa, daha çox qadınları öldürürlər. Amma Rusiya məhkəmələri demək olar ki, həmişə döyüş veteranları kimi onların cəzalarını yüngülləşdirirlər.

Qeyd edilməlidir ki, törədilən cinayətlərin əksəriyyətinin motivi eyni olur. Belə ki, bu cinayətlərin əksəriyyəti spirtli içki qəbul etdikdən sonra baş verir.

...Deməli, bu arada Rusiya Dövlət Duması cəbhəyə göndərişlə bağlı iki qanun qəbul edib.

Onlardan birinə görə, təkcə məhkumlar deyil, həm də təqsirləndirilən şəxslər barələrində cinayət işi baxılmaq üçün məhkəməyə göndərilərkən məhkəmə icraatı mərhələsində Müdafiə Nazirliyi ilə müqavilə bağlaya biləcəklər.

Digərində isə qeyd edilir ki, Müdafiə Nazirliyi ilə bağlanan müqavilə əvvəlcə cinayət işinin dayandırılmasına, sonra isə təqsirləndirilən şəxslər səfərbərlik və ya müharibə dövründə hərbi xidmətə çağırıldıqda, onları məsuliyyətdən tamamilə azad edəcək.

...Bəzi rus hüquqşünaslarının fikrincə, bu və əvvəllər qəbul edilmiş təşəbbüslər qurbanların hüquqlarını pozur və cəmiyyət üçün risklər yaradır.

...Ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə də silah verilir. Hələlik Rusiya qanunlarına görə, yalnız istintaq altında olan və ya artıq məhkum olunmuş ruslar Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqla məsuliyyətdən azad edilə bilər.

Məsələn, rusiyalı hüquqşünas Artyom Klıqa hesab edir ki, bu, Rusiyanın cəbhəyə barələrində cinayət işi açılan əsgərlər arasından əsgər cəlb etmək siyasətinin davamıdır. O, bir il əvvəl bunun çərçivə qanun kimi edildiyini, daha sonra Cinayət-Prosessual Məcəlləyə və Cinayət Məcəlləsinə dəyişikliklər edildiyini xatırladıb.

Burada müstəntiqlərə ibtidai istintaq və ya təhqiqat mərhələsində şübhəli şəxslərə Müdafiə Nazirliyi ilə müqavilə bağlamağı və bununla da cinayət işini dayandırmağı təklif etmək imkanı verilib.

Rusiyalı hüquqşünasa görə, Dövlət Dumasının məhkum və təqsirləndirilən şəxslərin Müdafiə Nazirliyi ilə müqavilə bağlamaq imkanlarını genişləndirməsi, təbii ki, Rusiyada cinayətlərin sayını daha da artacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə