Rusiyanın ən böyük qaz şirkəti olan “Qazprom”u "təxtdən saldılar"...

Rusiyanı demək olar ki, yarım əsr ərzində dominantlıq etdiyi bazarda indi onu Azərbaycan əvəz edir..?

Bu günlərdə “Forbes” ən böyük Rusiya şirkətlərinin xalis mənfəətə görə illik reytinqini dərc edib.

Belə ki, keçən ilki lider, Rusiyanın ən böyük qaz şirkəti “Qazprom” 2024-cü ildə nəinki mövqeyini itirib, hətta ilk yüzliyə belə düşə bilməyib.

SİA-nın əldə etdiyi məlumata görə, “Qazprom” 25 ildə ilk dəfə 2023-cü ili 629 milyard rubl zərərlə bağlayıb, bir il əvvəl isə onun mənfəəti 1,23 trilyon rubl təşkil etmişdi.

Şirkət rəhbərliyi üçün hazırlanan daxili hesabata görə, yaxın on ildə qaz ixracını əvvəlki səviyyələrə qaytarmaq mümkün olmayacaq.

…2035-ci ilə qədər ixracın ildə orta hesabla cəmi 50-75 milyard kubmetr olacağı gözlənilir ki, bu da Rusiyanın Ukraynaya təcavüzündən əvvəlki səviyyənin təxminən üçdə biri qədərdir.

…“Qazprom”un itkilərinin əsas səbəbi Ukraynaya hücuma görə Rusiyaya tətbiq edilən sanksiyaların səbəb olduğu qaz hasilatının və Avropaya tədarükün kəskin azalması olub. Qeyd edilir ki, 2023-cü ildə şirkətin qaz hasilatı 1990-cı ildən bəri ən aşağı səviyyə olmaqla 404 milyard kubmetrə düşüb. Xaricə tədarükün həcmi cəmi 69 milyard kubmetr təşkil edib ki, bu da 1985-ci ildən bəri ən aşağı göstəricidir.

Avropaya cəmi 28 milyard kubmetr qaz ixrac edilib ki, bu da 1970-ci illərin sonundakı səviyyəyə uyğundur. “Qazprom”un Avropa bazarındakı payı 3 dəfə - 45 faizdən 15 faizə qədər azalıb.

…Bu arada Belarus saytının yazdığına görə, Rusiya tədarükünün azalması fonunda Azərbaycan Avropaya qaz ixracını fəal şəkildə artırır. Belə ki, Rusiyanı demək olar ki, yarım əsr ərzində dominantlıq etdiyi bazarda əvəz edir. …Avqustun 1-dən Xəzər dənizindəki “Şahdəniz” yatağından Azərbaycan qazı Sloveniyaya axmağa başlayıb. Bundan əvvəl Azərbaycan İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya qaz tədarük etməyə başlayıb. Bundan başqa, Azərbaycan qazı Gürcüstan və Türkiyəyə gedir. 2024-cü ildə yalnız Macarıstan, Slovakiya və Avstriya Rusiya qazını borular vasitəsilə Avropaya almağa davam edəcək.

Sentyabrın 13-də məlum olub ki, “Qazprom”un Avropa İttifaqındakı sonuncu əsas müştərilərindən biri, Avstriyanın “Wien Energy GmbH” şirkəti 2025-ci ildən etibarən Rusiya qazının alışını tamamilə dayandırdığını elan edib.

Vyanada və ətraf ərazilərdə 2 milyondan çox istehlakçıya xidmət göstərən bu şirkət Şimali Afrikadan, Şimal dənizindən qaz tədarükü, o cümlədən mayeləşdirilmiş təbii qazın alınması üçün müqavilələr bağlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə