Yeni Kaledoniya müstəqilliyini elan etdi

Yeni Kaledoniyadakı Ənənəvi Senatdan bir nümayəndə heyətinin 7-14 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ-dakı mərkəzinə getməsi gözlənilir

Fransanın Hind-Sakit okean regionundakı 171 illik müstəmləkəsi olan Yeni Kaledoniyada Kanak qəbilə liderləri ənənəvi torpaqları üzərində suverenliklərini elan ediblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Yeni Kaledoniya Böyük Liderlər Şurası 23-25 sentyabr tarixlərində Mare adasında toplanıb. İclasda 17-si Kanak qəbilə lideri olmaqla 200 nəfər qatılıb.

İclasın ikinci günü fərqli Kanak qəbilə liderlərinin rəhbərlik etdiyi ənənəvi torpaqları əhatə edən bir çox bölgədə birtərəfli suverenlik elan edilib.

Yeni Kaledoniyadakı Ənənəvi Senatdan bir nümayəndə heyətinin 7-14 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ-dakı mərkəzinə getməsi gözlənilir. Noyabr ayının əvvəlində isə adanın Xaracuu bölgəsində keçiriləcək toplantıda suverenliklərini elan edən yerlərdə hansı ənənəvi idarəetmə modelinin tətbiq edilib-edilməyəcəyi danışılacaq. Bu görüşdə hələ müstəqilliyini elan etməmiş bölgələrin də bunu etmələri tələb olunacaq.

Qeyd edək ki, Yeni Kaledoniya 24 sentyabr 1853-cü ildə Fransanın müstəmləkəsi olub. Bu ölkədə Fransa hökumətinin yerli xalqın gücünü zəiflədəcəyi düşünülən konstitusiya islahatına qarşı çıxan müstəqillik tərəfdarları 2024-cü 13 mayından etibarən hərəkətə keçmişdilər. Fransa hökuməti başda paytaxt Noumea olmaqla, adanın müxtəlif yerlərində müstəqillik tərəfdarlarına müdaxilə üçün bölgəyə polis və əsgər göndərərək fövqəladə vəziyyət elan etmişdi.

Adadakı fransız seçicilərin sayını artıracaq konstitusiya islahatının qüvvəyə minməsi üçün qərar Fransa Parlamentinin iki palatasının birgə toplandığı iclasda qəbul edilməlidir. Baş verən hadisələrdən sonra Fransa prezidenti Emmanuel Makron mübahisəli islahat təşəbbüsünün dayandırıldığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə