Makron bir daha Qərbin Türk dünyasına qarşı düşmənçilik münasibətini göstərdi

Ötən gün Nyu-Yorkda BMT kürsüsündən Ermənistanın lehinə danışan Fransa Prezidenti Emmanuel Makron bir daha Qərbin Türk dünyasına qarşı düşmənçilik münasibətini göstərdi. Makronun Azərbaycanı “təzyiq göstərən” kimi qələmə verən sözləri yalnız Ermənistanın tarixi arzularını dəstəkləmədi, eyni zamanda, Qərbin türklərə qarşı uzun illər davam edən mövqeyini bir daha nümayiş etdirdi.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında türk siyasətçi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Arzu Erdem ifadə edib.

O deyib: “Azərbaycanın Qarabağda apardığı haqlı mübarizəsinin davam etdiyi bir dövrdə bu sözlər tarixin bir daha təkrarlandığını bizə göstərdi. Fransanın Ermənistanı illərdir silahlandıraraq və siyasi sahədə dəstəkləyərək bölgədə gərginliyi artırdığı aşkardır. Makronun “Ermənistanın sərhədlərinin qorunması” çağırışı, əslində, Fransanın ikili standartlara əsaslanan xarici siyasətini əks etdirir. Fransa imperialist keçmişindən qalan vərdişləri ilə bölgədə Türkiyə və Azərbaycanın haqlı mübarizəsini gözardı edərək, ədalətsiz mövqe sərgiləməkdədir”.

Fransanın xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Ermənistana silah tədarükünü intensivləşdirdiyini qeyd edən siyasətçi deyib ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri və artilleriya qüvvələri rəsmi Parisin yardımı ilə gücləndirilir. Eyni zamanda, 2019-2022-ci illər arasında Ermənistana təxminən 65 milyon dollar dəyərində silah və hərbi avadanlıq satışı həyata keçirilib. Bu qatı müharibə siyasəti ilə kifayətlənməyən Fransa və İrəvanı dəstəkləyən digər Qərb dövlətləri Ermənistanın hava hücumundan müdafiəsini gücləndirmək üçün bu ölkəyə radar sistemləri verib ki, onların da əsas hədəfi Türkiyə istehsalı İHA/SİHA-lardır. Halbuki Azərbaycan tarixən və hüquqi cəhətdən özünə məxsus Qarabağ torpaqlarında öz suverenliyini möhkəmləndirib və bu proses beynəlxalq hüququn normalarına uyğun aparılıb. Makronun birtərəfli və əsassız açıqlamaları isə Fransanın uzun müddətdir Ermənistana olan rəğbətini və dəstəyini bir daha nümayiş etdirdi.

Siyasi şərhçi bildirib ki, Fransanın sülh və sabitlikdən uzaq, əksinə, bölgəni daha çox münaqişəyə çəkən bu mövqeyi yalnız Azərbaycan üçün deyil, eyni zamanda, bütün Türk dünyası üçün təhdiddir. Fransa rəhbərinin bu cür fikirləri Qərbin Türk dünyasına qarşı tarixi qərəz və düşmənçiliyini hər fürsətdə nümayiş etdirməsinin aydın sübutudur. “Unutmaq olmaz ki, Türkiyə-Azərbaycan qardaşlığı, sadəcə, sözdə deyil, bu bağ “Bir millət, iki dövlət” anlayışı ilə hər sahədə güclənməkdə davam edir. Makronun açıqlamaları Türkiyə və Azərbaycanı daha da yaxınlaşdıraraq Qərbin ikiüzlülüyünə qarşı Türk dünyasının nə qədər haqlı olduğunu bir daha sübuta yetirdi. Azərbaycanın bu mübarizəsi təkcə öz torpaqlarını müdafiə etmə deyil, həm də Türk dünyasının müstəqilliyini qoruma mübarizəsidir. Bu səbəbdən Qərbin ikili standartlarına qarşı Azərbaycanın haqlı mübarizəsini müdafiə etmək yalnız regional sülh deyil, həm də Türk dünyasının gələcəyi üçün vacibdir. Makron kimilərinin haqsız ittihamlarına baxmayaraq, Azərbaycan düzgün yoldadır və haqlı mübarizəsini qətiyyətlə davam etdirir”.

Bütün xəbərlər Facebook səhifəmizdə