"Bu, qəti bir siqnal olaraq görünməlidir"

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin nüvə prinsiplərindəki yeniliklərin Qərbə yönəlik bir siqnal olduğunu söyləyib. O, dövlət başçısı Vladimir Putinin nüvə siyasətinin yenilənməsi ilə bağlı etdiyi çıxışı haqqında dəyərləndirmələr edib.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın nüvə silahı arsenalını genişləndirməyi planlaşdırmadığını qeyd edən Peskov Təhlükəsizlik Şurasının iclasında bu mövzuda bir müzakirə aparılmadığını vurğulayıb.

Nüvə prinsiplərinin yenilənməsi zamanı sınaqlara dair moratoriumun ləğvinin müzakirə olunub-olunmadığı sualına isə cavab verməkdən imtina edib.

Daha əvvəl dövlət başçıları, siyasətçilər və analitiklərin V.Putinin açıqlamalarının ciddiliyini çox yaxşı anladığını qeyd edən mətbuat katibi prinsiplərdəki yeniliklərin Qərbə qəti bir siqnal olaraq qəbul edilə biləcəyi sualına "Bu, qəti bir siqnal olaraq görünməlidir" cavabını verib.

Vladimir Putin 25 sentyabr tarixində Rusiyanın Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi iclasda nüvə çəkindiriciliyi sahəsində dövlət siyasətinin əsaslarının yenilənməsi məsələsini müzakirə etmişdi. O, bu çərçivədə nüvə gücünə malik olmayan bir dövlətin nüvə gücünə sahib bir dövlətin iştirakı və dəstəyi ilə Rusiyaya hücum etməsini “ortaq hücum” kimi dəyərləndirəcəklərini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə