10 ölkə İsrail-Livan sərhədində təcili atəşkəs tələb edir

10 ölkə İsrail-Livan sərhədində təcili atəşkəs tələb edir

ABŞ və Fransanın rəhbərlik etdiyi Avropa İttifaqı (Aİ) və digər 8 ölkəni bir araya gətirən birgə bəyanatda, İsrail və Livan arasında qarşıdurmaların dayandırılması və diplomatiyaya meydanın açılması üçün 21 günlük fövqəladə atəşkəs elan edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, ABŞ və Fransanın İsrail-Livan sərhədində atəşkəs çağırışı ilə bağlı razılığa gəldiyi, bununla bağlı AB, Avstraliya, Kanada, Almaniya, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də iştirak etdiyi bildirilib.

"Livan və İsrail arasında 2023-cü il oktyabrın 8-dən bəri davam edən vəziyyət dözülməzdir və regional gərginliyin daha da artması üçün qəbuledilməz risk yaradır. Bu vəziyyət heç kimin, nə İsrailin, nə də Livan xalqının marağındadır" - deyə, birgə bəyanatda deyilir.

Bəyanatda həmçinin sərhədin hər iki tərəfindəki mülki şəxslərin evlərinə qayıtmalarını təmin edəcək diplomatik razılaşmanın vaxtının gəldiyi vurğulanıb və əlavə edilib: "Bu qarşıdurmada gərginlik yüksək olduqda diplomatiya uğurlu ola bilməz. Bu səbəbdən, biz diplomatiyaya yer açmaq üçün İsrail-Livan sərhədində təcili 21 günlük atəşkəsə çağırırıq”.

Bəyanatda Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq İsrail və Livan administrasiyalarından bu müvəqqəti atəşkəs təklifini dəstəkləməyə çağırılıb və hazırda bölgədə diplomatiyaya ehtiyac olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə