İsrail Qəzzada məktəbi bombalayıb - 3 fələstinli ölüb

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrində məcburi köçkün fələstinlilərin sığındığı məktəbi bombalaması nəticəsində 3 fələstinli həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin "WAFA" xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsindəki Xalid bin Vəlid məktəbinin yuxarı mərtəbəsini bombalayıb.

İsrail ordusunun köçkün fələstinlilərin sığındığı məktəbə hücumu nəticəsində 3 fələstinli həyatını itirib, çoxlu sayda insan yaralanıb. Dünən İsrail ordusunun Qəzza şəhərinin qərbindəki Şati Qaçqınlar Düşərgəsində köçkün fələstinlilərin sığındığı Kafr Qassim məktəbini bombalaması nəticəsində 6 fələstinli həyatını itirib. İsrail ordusu Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı məktəbləri tez-tez hədəfə alır.

Qeyd edək ki,İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 431 fələstinli həyatını itirib, 95 min 818 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə