Rusiyada biznes münaqişəsi milli xarakter alır..?

…İnquşetiyada şənbə günü gecə bir neçə min insan Maqas hava limanına uçan təyyarəni qarşılayıb.

SİA-nın əldə etdiyi məlumata görə, burada “Wildberries”-in Moskva ofisi yaxınlığında atışmada həlak olan mühafizəçilərin cəsədləri gətirilib.

Xatırladaq ki, Rusiyanın ən böyük onlayn mağazasının ofisində atışma sentyabrın 18-də şirkətin həmtəsisçisi Vladislav Bakalçukun mühafizənin müşayiəti ilə ora girməyə cəhd etdiyi zaman baş verib.

…Və bu atışmada 41 yaşlı Adam Almazov və 28 yaşlı İslam-Bek Elmurziyev öldürülüb.

…Atışma ilə bağlı 30 nəfər də həbs edilib.

Qeyd edək ki, “Wildberries” ətrafındakı korporativ münaqişədə Bakalçuku Çeçenistan rəhbəri Ramzan Kadırov dəstəkləyib.

Onu da qeyd edək ki, iş adamı ilə birlikdə ofisə onun vəkili, Çeçenistanın keçmiş prokuroru da daxil olmağa çalışıb.

Yeri gəlmişkən, həbs edilənlər arasında bir neçə çeçen, o cümlədən “Axmat-1” çevik polisinin komandir müavini Umar Çiçayev də var.

…Və hazırda İnquşetiyada Telegram kanallarında Kadırovu kəskin tənqid edən yazılar yayılır.

Amma Kadırov hələ ki, atışma ilə bağlı açıqlama verməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə