Rusiyada qanunsuz miqrant uşaqları məktəbə qəbul edilməyəcək və…

…Rusiyada qanunsuz miqrantların hüquqları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” nəşrinə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi rəhbərinin birinci müavini Aleksandr Qorovoy danışıb.

Qorovoyun sözlərinə görə, hakimiyyət indi Rusiyada qeyri-qanuni qalan əcnəbilərin reyestrini yaradır. Ona daxil edildikdən sonra miqrantlar nəqliyyat vasitələrini idarə edə və bank xidmətlərindən istifadə edə bilməyəcəklər. Bundan başqa onların əmlakı qeydiyyata alınmayacaq, onlar nikah bağlaya və ya poza bilməyəcəklər, uşaqları uşaq bağçalarında və məktəblərdə qeydiyyata alınmayacaq.

Rusiyalı rəsmi həmçinin qeyd edib ki, “maraqlanan idarələr” və deputatlar miqrasiya sahəsində digər qanunvericilik təşəbbüsləri üzərində işləyirlər.

Hazırda Rusiyada təxminən 739 min qanunsuz miqrant var. Bunlar əsasən Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycan vətəndaşlarıdır.

Rəsmi qeyd edib ki, 2022-ci ilə qədər qeyri-qanuni miqrantların xüsusi çəkisi 30 faizdən çox olub və indiki azalmanı “Daxili İşlər Nazirliyinin bütün səviyyələrdə hakimiyyət orqanları ilə birgə fəaliyyətinin yaxşı nəticəsi” adlandırıb.

Qorovoy onu da bildirib ki, bu ilin birinci yarısında Rusiyadan miqrantların çıxarılması ilə bağlı yüz minə yaxın qərar qəbul edilib.

…Və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 faiz çoxdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə