Daşqınlar Polşaya bir milyard dollara yaxın zərər vurub

Daşqınların Polşanın cənubundakı Aşağı Sileziya voyevodalığına vurduğu zərər təxminən 1 milyard dollar həcmində qiymətləndirilir. SİA xəbər verir ki, bu rəqəmi voyevodalığın rəhbəri Macey Avijen böhran qərargahının iclasında səsləndirib.

İlkin hesablamalara görə, dəyən ziyan 3 milyard 655 milyon zlotıya bərabər olub. Bu məlumat 25 rayona və iki şəhərə aiddir. Bəzi ərazilər hələ də daşqınla mübarizə apardığından rəqəmlər arta bilər.

Anomal leysan yağışları səbəbindən Polşanın cənubunda güclü daşqınlar baş verib - çaylar məcrasından çıxıb, yaşayış məntəqələri su altında qalıb, insanlar təxliyə olunub. Artıq bir neçə ölüm faktı məlumdur. Bir sıra ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Təbii fəlakətin ən böyük zərbəsi mərkəzi şəhər olan Vroslav ilə Aşağı Sileziya voyevodalığına dəyib. Daşqın dalğası hazırda Bjeq Dolnı şəhərindən keçir. Polşa Meteorologiya və Su Təsərrüfatı İnstitutunun məlumatına görə, Vroslav şəhərində suyun səviyyəsi azalmağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə