İsrail Nusayrat qaçqın düşərgəsinə hücum edib - 9 ölü

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrindəki Nusayrat qaçqınlar düşərgəsindəki bir evə hücumu nəticəsində ən azı 9 fələstinli həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Avda xəstəxanasındakı mənbələrdən əldə edilən məlumata görə, İsrail ordusu Nusayrat qaçqınlar düşərgəsindəki evi bombalayıb.

İsrailin hücumunda aralarında qadın və uşaqların da olduğu 9 fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb. Həyatını itirənlərin cəsədləri və yaralılar Əl-Avde xəstəxanasına aparılıb.

Fələstinin rəsmi agentliyi "WAFA"nın xəbərində İsrail ordusuna aid pilotsuz uçuş aparatının Qəzza şəhərinin Zeytun məhəlləsində bir qrup fələstinliyə raket zərbəsi endirməsi nəticəsində çox sayda insanın yaralandığı bildirilib. Yaralıların Əl-Ehli Baptist Xəstəxanasına köçürüldüyü bildirilib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 272 fələstinli həyatını itirib, 95 min 551 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə